Təxribatdan təcavüzə: Cənubi Asiya növbəti müharibəyə SÜRÜKLƏNİR?
“Nüvə müharibəsi olmayacaq, ancaq hərbi əməliyyat aparıla bilər”.
Bu sözləri Hindistanla Pakistan arasındakı gərginlik və beynəlxalq təşkilatların susqunluğunu Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
O, bildirib ki, beynəlxalq təşkilatların hamısı nüfuzdan düşüb:
“Dünya xəritəsinə nəzər salsaq, görərik ki, Antarktida və Cənubi Amerikadan başqa bütün qitələrdə münaqişə ocaqları alovlanır. Dünyada ümumi böhran dərinləşir. Sülhü təmin etmək istəyən təşkilatların səmərəliliyi və hörməti itir. BMT artıq tamamilə nüfuzdan düşüb. Ona görə də BMT baş katibi səssiz qalıb”.
“İnsanlar arasında axmaqlar olur. Hindistan və Pakistanda da axmaqlar var, siyasilər də insandır. Hindistanın Baş naziri səviyyəsiz adamdır. Baxmayaraq ki, Hindistan kimi dövlətin Baş naziridir. O qatı dindardır, induizmə sitayiş edir və müsəlmanlara dərin nifrəti var. Daxildəki müsəlmanlara qarşı da həmişə sərt mövqedə olub. Ənənəvi rəqibi olan Pakistana qarşı da güc nümayiş etdirir. Hindistanda törədilən terror aktını kim törədib, heç kim bilmir, amma bu, təxribatdır. Bu təxribata da iki cür yanaşmaq olardı: bunu araşdırmaq, birgə hərəkət etmək. İkincisi isə “vuraram, yıxaram” demək. Görünür, Hindistan rəhbərliyi ikinci davranışa üstünlük veriblər. Düşünmürəm ki, nüvə müharibəsi olacaq, ancaq hərbi əməliyyat aparıla bilər”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd