Təyyarə təcili eniş etdi – 9 nəfər YARALANDI
İrlandiyanın aşağıbüdcəli hava yolu şirkəti “Ryanair”ə məxsus Berlin-Milan reysini yerinə yetirən sərnişin təyyarəsi hava şəraitinin kəskin pisləşməsi səbəbindən Almaniyada fövqəladə eniş edib.
Yenicag.az xəbər verir ki, şiddətli turbulentlik sonra təyyarə Münhen şəhərindən 115 kilometr aralıda yerləşən Memmingen şəhərində məcburi eniş edib.
Almaniya polisi bildirib ki, baş verən hadisə zamanı biri ekipaj üzvü olmaqla ümumilikdə 9 nəfər xəsarət alıb. Yaralananlar arasında baş nahiyəsindən zədə alan qadın sərnişin, 2 yaşlı uşaq və 59 yaşlı digər qadın xəstəxanaya aparılıb. Qalan yaralılara isə yerində ilkin tibbi yardım göstərilib.
“Ryanair” hadisə ilə bağlı açıqlamasında bildirib ki, təyyarənin kapitanı enişdən əvvəl təcili tibbi yardım istəyib. Hava yolu şirkəti baş verən hadisəyə görə üzr istəyib və sərnişinlərin Milan şəhərinə çatdırılması üçün əlavə reys təşkil olunduğunu bəyan edib.