“Ticarət savaşı” SƏNGİYİR? – “Dünya bazarları prosesləri həvəslə gözləyir”
“Hazırkı bəyanatlar fonunda dünya bazarları prosesləri həvəslə gözləyir”.
Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O, Çin lideri Si Cinpin ilə ABŞ prezidenti Donald Tramp arasında Ağ Evin ticarət tariflərini müzakirə etmək üçün baş tutan zəngi şərh edib.
O. bildirib ki, həm birjalar həm səhm, həm də əmtəə bazarı həvəslə bu razılaşmanı gözləyir.
“Ticarət müharibəsi başlayandan sonra dünya iqtisadiyyatının artması ilə bağlı gözləntilər neqativ yöndə idi. Dünya ticarət statistikasının azalacağı ilə bağlı proqnozlar verilirdi. Hazırkı bəyanatlar fonunda dünya bazarları prosesləri həvəslə gözləyir. Hər halda, məsələ ətrafında müzakirələrin olması sevindiricidir. Lakin liderlərin belə bir danışığı barədə xəbər müəyyən qədər şübhəlidir”.
Mütəxəssis əlavə edib ki, tariflərin yumşalacağına dair investorların gözləntisi var:
“Əgər razılaşma olarsa, qlobal iqtisadi artımla bağlı gözləntilər müsbətə çevriləcək, əmtəə birjalarında xüsusilə enerji və metal qiymətlərini artıracaq. Ancaq razılaşma olmazsa bu əks effekt verəcək. Hazırda ABŞ-dən Çinə 145%-lik tarif rüsumları var. Ən azından razılaşma olmasa da, bu cür böyük tariflər aşağı salınmalıdır. Hər şey proseslərdən asılıdır. Enməsi və yaxud ləğv edilməsi hələ də sual altındadır. Qısa müddətdə nəyinsə həll olunacağı isə gözlənilmir”.
Nəsimi Ələsgərli