Gürcüstan və Rusiya arasında imzalanmaq ərəfəsində olan nəqliyyat dəhlizinin yaradılması üzrə anlaşma işğalçı Ermənistanın blokadadan çıxarılması anlamına gəlir.
Yenicag.az xəbər verir ki, Gürcüstanın ardınca Rusiya da nəqliyyat dəhlizinin yaradılması üzrə 2011-ci ildə bağlanmış ikitərəfli müqavilə çərçivəsində mayın 18-də İsveçrə Konfederasiyası Federal Məclisi ilə bu ölkənin “SGS Societe Generale de Surveillance SA” şirkəti arasında saziş imzalanıb.
Qeyd edək ki, bu anlaşma separatçı rejimlərin nəzarətində olan Abxaziya və Cənubi Osetiyadan keçməklə, Rusiyadan Gürcüstan və Ermənistana nəqliyyat dəhlizlərinin yaradılmasını nəzərdə tutur.
Bu istiqamətdə aparılan danışıqlarda Gürcüstanı təmsil edən hökumətin rəsmi nümayəndəsi, səfir Zurab Abaşidzenin sözlərinə görə, isveçrəli müşahidəçilər imzalanmış sazişin şərtləri əsasında Rusiya və Gürcüstan ərazisində monitorinqlər aparacaqlar. Ancaq bu monitorinq gömrük sənədləşməsi üzrə prosedurları əhatə etməyəcək.
Abaşidze əlavə edib ki, Rusiya ilə İsveçrə arasında imzalanmış bu saziş onunla Rusiya hökumətinin rəsmi nümayəndəsi Qriqori Karasın arasında mayın 24-də Çexiyanın paytaxtı Praqada baş tutacaq görüşün əsas zəminidir. Gürcüstann təmsilçisi bildirib ki, Rusiyanın vurğulanan addımı sözügedən nəqliyyat dəhlizinin yaradılması şansını artırıb.
Lakin Abaşidze iddia edib ki, nəqliyyat dəhlizinin yaradılması üzrə Rusiya ilə razılığıa gəlinməsi Gürcüstanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanınması demək deyil. Bununla belə, hətta Gürcüstanllı siyasətçilər də bu fikirdədirlər ki, Tbilisi Moskvanın bu anlaşması əslində, separatçı rejimlərin de-fakto tanınması kimi başa düşüləcək.
Gürcüstan bu addımı atacağı təqdirdə (bu ehtimal çox yüksəkdir) öz ərazi bütövlüyünü şübhə altına almaqla yanaşı, həm də Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın blokadadan çıxmasına yardım etmiş olacaq.
Hətta Gürcüstanın bir sıra ekspertləri ölkə iqtisadiyyatında Azərbaycanın yüksək faizli iştirakı faktını önə çəkərək, Ermənistana uzanacaq nəqliyyat dəhlizinin Bakını qəzəbləndirəcəyini və adekvat addımlara sövq edəcəyini xüsusi vurğulayırlar.
Rusiya ilə Gürcüstanın bu anlaşması Ermənistanda da nikbin əhval-ruhiyyə yaradıb. İşğalçı ölkənin mediası bu məsələni geniş müzakirəyə çıxararaq, Ermənistanın blokadanın ağır təsirindən çıxmasına ciddi şans yarandığını bildirir.
Bu məsələyə münasibət bildirən Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Yenicag.az-a açıqlamasında bildirib ki, rəsmi Bakı bu gedişatı dayandırmaq üçün əlindəki bütün imkanlardan istifadə etməlidir:
“Əlbəttə ki, həmin nəqliyyat dəhlisinin yaradılması Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil. Bu addım Ermənistanın blokadadan çıxması və işğalçılq mövqeyini daha da gücləndirməsi ilə nəticələnəcək.
Azərbaycan ola bilsin, Rusiya ilə münasibətləri korlamamaq üçün bu məsələyə qəti mövqe bildirmir. Ancaq Gürcüstana təzyiq göstərməsi üçün Bakının əlində min cür vasitə var – siyasi, iqtisadi, daha nələr… Bunlardan effektli şəkildə istifadə olunmalıdır”.
Məsələnin aktuallığını nəzərə alaraq, Gürcüstanın Azərbaycandakı səfirliyindəın Tbilisi bu istiqamətdəki hazırlıqlarına dair şərh almağa çalışdıq.
Lakin səfirliyin təmsilçisi Kaxa Abdaledze sabah Praqada keçiriləcək danışıqların nəticəsi məlum olmadan, şərh verə bilməyəcəklərini deyib.
Gürcüstanla Rusiya arasında artıq ilkin razılaşmanın əldə edildiyini və sabahkı müzakirələrin yekununda sazişin imzalanması ehtimalının yüksək olduğunu xatırlatmağımız da diplomatın mövqeyini dəyişmədi:
“Görüş hələ baş tutmayıbsa, nə deyə bilərik? Bu barədə hər hansı şərh verməyəcəyik. Nəsə öyrənmək istəyirsizsə, Gürcüstanın Xarici İşlər Nazirliyinə müraciət edin. Zurab Abaşidze Gürcüstan hökumətinin, şəxsən baş nazirin təmsilçisidir. Sabahı gözləyək. Bəlkə o görüş heş keçirilməyəcək, kim bilir… Birisigün danışarıq”.
A.Zeynalov
www.yenicag.az