Tofiq Yaqublu həbs edilib? – DİN təkzib etdi
13:15
“Nəinki Tofiq Yaqublu, ümumiyyətlə heç kim həbs olunmayıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri açıqlamasında DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanılması xəbəri ilə bağlı danışarkən deyib.
O bildirib ki, sadəcə, aksiya təşkil edən şəxslər ərazidən kənarlaşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, Əziz Məmiyev adlı şəxs saxlanılıb:
“Bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib”.
Nazirlik rəsmisi qeyd edib ki, Ə.Məmiyev saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilib.
Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya təşkil edən müxalifət fəalı, Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi atasının saxlanılması ilə bağlı məlumat yayıb.