!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Bakı və İrəvanı BARIŞDIRACAQ? – “Real situasiyanı nəzərə alsaq...”

!Reklam – Yazi

“Tramp istər seçki dönəmində, istərsə də inauqurasiyasında müharibələrə son qoyacağını bəyan edib. İndi bütün dünyanın ondan gözləntisi də budur. Onun öz vədini yerinə yetirə bilib-bilməmisini zaman göstərəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, Trampın təşəbbüsü ilə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinin mümkünlüyünü şərh edib.

“Ümumiyyətlə, hər zaman müharibəni başlamaq asan, bitirmək isə çətindir. Trampın bunu hansı metod, təzyiq və ya təkliflərlə edəcəyini bilmək çətindir. Müxtəlif ehtimallar, nəzəri olaraq proqnozlar vermək olar. Amma real situasiyanı nəzərə alsaq, prosesin bir müddət davam edəcəyini demək olar. Bütün çətinliklərə baxmayaraq, Trampın dediyini edəcəyinə böyük inam var. İstər Yaxın Şərq, istərsə də Rusiya-Ukrayna müharibəsi dünya üçün böyük və qlobal problemlər vəd edir. Bu baxımdan, bu müharibələri dayandıra və gerçək sülh əldə edə bilərsə, bu, tarixdə sülh missiyası kimi hər zaman xatırlanacaq”.

Həmsöhbətimizin fikrincə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Trampın xüsusi bir missiya ilə çıxış edəcəyi o qədər də aktual görünmür:

“Çünki o, aktiv müharibə bölgələrinə daha çox diqqət ayıracaq. Bizim regionda isə aktiv müharibə yoxdur. Azərbaycan qalib, Ermənistan isə məğlub dövlətdir. İndi yekun sülh prosesinə nail olmaq və bunun sənədlərdə əksini tapması qalır. Amma Rusiya, Fransa, Avropa Birliyi kimi ABŞ-nin də bu prosesdə əsas aparıcı rolda olmasını arzulaması təbiidir. Lakin bu məsələdə xüsusi bir tərəfə ehtiyac olmadığını Azərbaycan tərəfi dəfələrlə bəyan edib”.

R. Becanov diqqətə çatdırıb ki, sülh şərtləri, habelə müqavilənin imzalanması üçün tələb və təkliflər ortadadır:

“Xüsusən də 15 bəndin razılaşdırılması ilə bağlı xəbərlər hər iki tərəfdən rəsmi şəkildə təsdiqlənib. Digər iki bəndin də razılaşdırılması mümkündür. İndi hər şey Ermənistandan asılıdır. ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı bir bəyanat və ATƏT-ə müraciət o qədər də mürəkkəb məsələ deyil. Ermənistan bunu tezliklə edərsə, artıq bəndlərdən biri də razılaşdırılmış olacaq. Eləcə də Azərbaycanla sərhəd boyu Avropa Birliyinin xüsusi missiyasını oradan kənarlaşdırmaq da vaxt tələb etmir. Konstitusiyanın dəyişdirilməsi müəyyən müddət çəkə bilər. Bunu da Ermənistan yaz aylarına qədər yekunlaşdırmalı və ilin ikinci yarısında sülh müqaviləsini imzalamağa hazır olmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv