Tramp Nobeldənsə, müharibəni ÜSTÜN TUTDU – Vaşinqton İKİLİ MÖVQEDƏ
“ABŞ və İsrailin zərbələrindən sonra İranın nüvə silahı əldə etmək potensialı 10 il geri getdi”.
Bu sözləri İran İsrail toqquşması, ABŞ-nin İrana müdaxiləsi və baş verə biləcək prosesləri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, İranın ali dini lideri vurulsa, dövlət parçalanacaq:
“ABŞ daxilində İranın bombalanması ilə bağlı fikir ayrılığı var. Əvvəldən Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri, eləcə də ABŞ-nin 16 kəşfiyyat qrupunun rəhbəri və prezidentin müşaviri buna qarşı idi. Tramp özü də tərəddüd içərisində idi. Tramp düşünürdü ki, Nobel mükafatını götürsün, yoxsa İrana zərbə endirsin? Pakistan Trampın Nobel mükafatına layiq görülməsi üçün namizədliyini irəli sürdü. Pakistanın məqsədi bundan ibarət idi ki, ABŞ İranı vurmasın, amma Tramp da başqa qərar verdi”.
Y. Bağırzadənin fikrincə, İran açıq bildirdi ki, əldə etdikləri zənginləşdirilmiş uranı həmin məntəqələrdən uzaqlaşdırıb:
“İranda ən qorxulusu Buşehr nüvə mərkəzidir. MAQATE də bəyan etdi ki, əgər adıçəkilən yer vurulsa, bölgəyə fəlakət gətirəcək. İranda birmənalı şəkildə hakimiyyət dəyişikliyi olmalıdır. ABŞ və İsrailin zərbələrindən sonra İranın nüvə silahı əldə etmək potensialı 10 il geri getdi. Böyük ehtimalla, proses bu formada davam edəcək, başqa modelə keçməyəcək. İran tərəfi Hörmüz boğazını bağlamaq istəyir. Bu isə bəzi ərəb ölkələrinə sərf etməyəcək, amma Rusiyaya ciddi şəkildə sərf edəcək, Çin isə çətin vəziyyətdə qalacaq. Pakistana gəldikdə, İslamabad buna qoşulmaq istəyəcək, ancaq qoşulmayacaq. İranda mövcud rejimin dəyişməsi, sonra isə İranın parçalanması gözləniləndir. Çünki İranı vahid şəkildə saxlaya biləcək lider yoxdur”.
Səxavət Məmməd