“Tramp Putini qoruyur, Avropanı zəiflədir” – Kremldən “50 günlük təhdid”ə cavab GECİKMƏDİ
“Donald Trampın vəzifəyə başladığı ilk gündən etibarən “müharibəni 24 saat ərzində bitirərəm” bəyanatından çıxış edərək, Putinlə Tramp arasında bir ittifaqın olduğunu və bu ittifaqın bu gün də davam etdiyini düşünürəm. Çünki əvvəlindən etibarən Ukraynaya təzyiq göstərməsi lazım olan Tramp daim Putinin yanında oldu, Ukraynaya lazım olan hərbi dəstək və silah-sursatı vermədi və Ukraynanı tamamilə Avropanın öhdəsinə buraxdı”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli politoloq Hüsaməddin İnaç deyib.
Siyasi analitik ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə 50 gün vaxt verməsinin ardından Kremldən gələn cavabı və tərəflər arasındakı gərgin münasibətləri şərh edib.
Onun sözlərinə görə, Trampın Ukrayna lideri Volodimir Zelenski ilə Ağ Evdə keçirilən görüşdə onunla aşağılayıcı tonda danışması, daha sonra Zelenski ilə nadir torpaq elementləri sahəsində imzaladığı razılaşma və Avropanı özünə böyük təhlükə kimi görməsi bunun göstəricisidir:
“Tramp Avropanı zəiflədəcək bir sıra ciddi addımlar atdı və gömrük rüsumlarının yenidən tənzimlənməsi bunun nümunələrindən biridir. Lakin zaman keçdikcə, Avropanı tamamilə itirə biləcəyini də anladı və Putinin geosiyasi baxımdan nə qədər böyük hədəfləri olduğunu gördü və bu hədəflərə bir şəkildə uyğunlaşdı. Fikrimcə, Tramp-Putin münasibətlərinin pozulduğunu düşünmək doğru deyil. Çünki, xüsusilə Putinin məqsədi Dnepr çayının şərqini tam nəzarətə götürmək və Krımın ilhaqını rəsmiləşdirməkdir. Dneprin şərqində irəlilədikdən və Xarkov başda olmaqla bölgədəki şəhərləri ələ keçirdikdən sonra o əraziləri geri qaytarmaq istəmir. Mən bu nöqtədə Putinlə Tramp arasında gizli bir razılaşmanın olduğunu düşünürəm”.
“Ən böyük sübutlardan biri isə budur: Niyə gömrük rüsumlarını artırmaq üçün 50 gün gözləyir? Niyə bu qədər vaxt verir? Və ya niyə Putini hədəfə ala biləcək daha sərt addımlar atmır? Bu sualları verməyə dəyər. Məncə, Tramp bu davranışları ilə hələ də Putini qoruyur. Bu 50 günlük müddət ərzində Putin cəbhədə daha da güclənəcək, daha çox ərazini geri alacaq və sonda bu 50 gün ərzində son addımlar atıldıqdan sonra sülh danışıqlarına doğru bir hərəkət başlayacaq”, – deyə o, əlavə edib.
H. İnaça görə, bu baxımdan, Putinlə Tramp arasındakı ittifaq hələ də davam edir:
“Amma Tramp bunu edərkən nə NATO-nu, nə də Avropanı tamamilə itirmiş olmur. Çünki Zelenskiyə az da olsa, hərbi dəstək göstərdiyini görürük. Amma bu dəstəyi birbaşa deyil, NATO üzərindən verir. Məsələn, silahları Polşaya verir, lakin pulunu NATO-dan alır. Tramp Bayden dövrünün əksinə olaraq Ukraynaya silahları pulsuz vermir, bu dəfə Avropa Birliyi və NATO-dan pul almaq şərti ilə yardım göstərir və hər tərəfdən qazanc əldə edir. Yəni bir tərəfdən Rusiyadan nadir torpaq elementləri ilə bağlı Putinlə razılaşma əldə edəcək, digər tərəfdən Ukrayna ilə də eyni sahədə anlaşma bağlayıb. Eyni zamanda NATO vasitəsilə silah satışını da davam etdirir”.
Analitik yekunda onu da bəyan edib ki, D. Trampın əsas məqsədi və motivasiyası hər iki tərəfdən pul qazanmaq, müharibəyə əlavə xərc çəkməməkdir:
“Müharibə başa çatdıqda isə sülhü təmin edən şəxs olaraq Tramp ortaya çıxacaq. Mən düşünürəm ki, bu proses Tramp və Putin arasında qarşılıqlı razılaşmaya və ssenariyə əsaslanır və həmin bu 50 gün ərzində müharibənin sona çatacağı qənaətindəyəm”.
Rafi Müslümov