“Bayden administrasiyası Tramp üçün xeyli çətinliklər qoyub gedir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev deyib.
ABŞ-dəki yanğınların Bayden administrasiyasının son günündə yeni prezident Donald Trampa qarşı oyun olması ehtimalından danışan MCP liderinin sözlərinə görə, yanğınların Baydenin komandası tərəfindən edildiyini söyləmək olmaz:
“Bu ideyanı ortaya atanlar, yəqin zarafat ediblər. Amma Bayden administrasiyası Tramp administrasiyası üçün xeyli çətinliklər qoyub gedir. Çünki həm xarici, həm də daxili siyasətdə bir-birinə antaqonist mövqedə dayanan siyasi baxışlar mövcuddur. Hazırda Demokratlar Partiyasının hakimiyyəti seçilmiş prezident Donald Tramp üçün xeyli problemlər yaradıb və onların ləğv olunması üçün növbəti administrasiya illərlə səy göstərməli olacaq. Çünki Amerika oturuşmuş bir dövlətdir və qərarların qüvvəyə minməsi üçün xeyli prosedurlar tələb olunur. Bu isə zaman tələb edir”.
R. Nurullayevin fikrincə, Trampın gəlişi ilə Yaxın Şərqdə münaqişələrin daha da alovlanması gözlənilmir:
“Əslində, hazırkı ABŞ administrasiyasının haçalı və bəzən qətiyyətsiz, o cümlədən ikili standartlara söykənən siyasəti nəticəsində münaqişələr ya donub, ya da daha da alovlanıb. Lakin məncə, münaqişələr səngiyəcək. Ən azından, bir neçə aydan sonra müəyyən sabitlik yaranacaq. Əvəzində isə iqtisadi və ticarət müharibələri qızışacaq. Hər kəsin başı ticari müharibələrə qarışacaq. Yanğınlar isə təbii ki, Tramp administrasiyasına ciddi yük kimi “miras” qalır. Amma nə etmək olar, onlar bu yaranan problemi də çözməli olacaq və bunun üzərindən kifayət qədər siyasi xal qazanacaqlar”.
Nəsimi Ələsgərli
www.yenicag.az