“Donald Trampın əvvəlki prezidentlik dönəmində Rusiya prezidenti Vladimir Putinlə münasibətləri və görüşləri hazırda onun mümkün ikinci prezidentlik müddəti üçün də pozitiv perspektiv yaradır. Tramp və Putin keçmişdə bir-biriləri haqqında zaman-zaman xoş fikirlər söyləyib. Bu, xüsusilə Co Bayden administrasiyasının Rusiya ilə münasibətləri demək olar ki, tamamilə kəskinləşdirdiyi, körpüləri yandırdığı bir dövrə kontrast təşkil edir”.
Bu sözləri Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Millət vəkili ABŞ-nin yeni seçilmiş 47-ci prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, Tramp Vladimir Putindən görüşlə bağlı müsbət siqnallar gəldiyini vurğulayıb.
V. İskəndərov da təsdiqləyib ki, Tramp seçkiqabağı çıxışlarında Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda bitirilməsinin vacibliyini vurğulayıb və Putinlə görüşməyə hazır olduğunu ifadə edib:
“Putin də öz növbəsində bu çağırışlara qarşılıq verib. Hətta Trampın andiçmə mərasimindən dərhal sonra Kreml Putini ABŞ prezidenti olaraq təbrik edib. Müzakirə mövzularından biri isə Trampın Putinlə harada və hansı formada görüşəcəyidir. Tramp bildirib ki, prezident seçilərsə, tez bir zamanda Putinlə görüş keçirəcək. Bu isə Trampın xarici siyasətdə prioritetlərini göstərir. Onun əsas məqsədi Amerika daxilində güclü bir ölkə qurmaq olsa da, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsi kimi qlobal problemlərin həllinə nail olmadan uğurlu prezident kimi qəbul edilməyəcəyini anlayır. Dünya ictimaiyyəti ondan bu problemlərin həllində mühüm addımlar atmasını gözləyir”.
Həmsöhbətimiz əlavə edib ki, hazırda görüşün konkret vaxtı və yeri ilə bağlı dəqiq məlumat olmasa da, mümkün lokasiyalar arasında Azərbaycanın adı da çəkilir:
“Bakı, Rusiya və ABŞ arasında yüksək səviyyəli görüşlər üçün dəfələrlə platforma olub. Bakı daha əvvəl Rusiya, ABŞ və NATO hərbi rəhbərlərinin uğurlu görüşlərinə ev sahibliyi etməsi ilə bu mövzuda nüfuz qazanıb. Bu səbəbdən, əgər görüş üçün neytral və hər iki tərəf üçün məqbul bir yer seçiləcəksə, Bakı bu siyahıda yüksək ehtimalla yer alır. Belə bir görüşün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq diplomatik rolunu daha da möhkəmləndirə bilər”.
Rafi Müslümov
www.yenicag.az