Nüfuzlu media qurumunun ABŞ prezidenti Donald Trampın Rusiyadakı biznesinə dair materialı Ağ Evi “silkələyib”.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, “Buzzfeed” media şirkətinin ABŞ prezidenti Donald Trampın Rusiyada biznesi olduğunu təsdiqləyən materialı Ağ Ev sahibini təcili müdafiə olunmağa vadar edib.
Məlumata görə, “Buzzfeed”in Moskvadan hazırladığı və iki anonim mənbəyə istinadən Moskvada “Tramp qülləsi” tikintisinin planlaşdırıldığını üzə çıxaran materialı ABŞ prokurorluğunu hərəkətə gətirib.
ABŞ-ın xüsusi prokuroru Robert Müllerin nümayəndəsi xüsusi açıqlama yayaraq, “Buzzfeed”in yayımladığı materialda yer almış iddiaların həqiqətə uyğun olmadığını bəyan edib.
Lakin Trampın sabiq hüquqşünası, hazırda həbsdə saxlanılan Maykl Koen ABŞ Konqresinə ifadəsində Trampın Moskvada göydələn inşa etdirmək planının yoxluğu haqda dediklərinin yalan olduğunu bildirib.
“Buzzfeed”in əməkdaşları Koenin Konqresə özbaşına yox, məhz Trampın tapşırığı ilə yalan ifadə verdiyini vurğulayıblar.
Qalmaqala münasibət bildirən Tramp ona qarşı irəli sürülən ittihamları yenə rədd edib. O, Koenin Konqresdəki ifadəsindən imtinasını “daha yüngül cəza almaq” istəyi ilə əlaqələndirib.
www.yenicag.az