Trampın adamı Rusiyaya qarşı sanksiyaları LƏĞV ETMƏK İSTƏYİR – “Politico”
ABŞ prezidenti Donald Trampın administrasiyasında Rusiyaya qarşı enerji sanksiyalarının, xüsusilə də “Şimal axını-2” qaz kəməri ilə bağlı məhdudiyyətlərin ləğv edilməsi məsələsində fikir ayrılığı yaşanır.
Yenicag.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, məsələyə dair müzakirələrdən xəbərdar olan beş mənbə Ağ Evdə sanksiyaların ləğvi və bunun Ukrayna ilə Rusiya arasında mümkün sülh razılaşmasının tərkib hissəsi kimi nəzərdən keçirildiyini bildirib. Xüsusilə “Şimal axını-2” qaz kəmərinə və digər rus enerji aktivlərinə tətbiq olunan sanksiyaların dayandırılması gündəmdədir.
İddialara görə, bu təşəbbüsün əsas tərəfdarı xüsusi nümayəndə Stiv Vitkoffdur. O, komandasına ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq olunan bütün enerji sanksiyalarının siyahısını hazırlamağı tapşırıb. Lakin ABŞ dövlət katibi Marko Rubio və Vitkoff Ağ Evin yaydığı birgə bəyanatda sanksiyaların ləğvinin müzakirə olunmasını təkzib ediblər. Onlar “Politico” nəşrini “beşinci dərəcəli”, yayılan məlumatları isə “tamamilə uydurma və məsuliyyətsiz” adlandırıblar:
“Bu, doğru deyil. Bizim heç birimiz Ukrayna ilə sülh müqaviləsi çərçivəsində Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə etməmişik. Əgər onlarda bir damla jurnalist vicdanı varsa, bu uydurmanı dərhal təkzib edəcəklər”, – bəyanatda vurğulanır.
Bununla belə, digər mənbələr bildirirlər ki, Vitkoff bu ideyanı irəli sürsə də, hələlik Ağ Evdə geniş dəstək qazanmayıb. Dövlət katibi Marko Rubio isə bu təşəbbüsə qarşı çıxır. Sanksiyaların ləğvinə qarşı çıxanlar arasında ABŞ daxili işlər naziri və Ağ Evdə Enerji Üstünlüyü Şurasının rəhbəri Daq Berqam da var. Məlumatlara görə, bəzi amerikalı rəsmilər Vitkoffun Rusiya ilə iqtisadi əlaqələrin bərpası nəticəsində ABŞ üçün yaranacaq imkanlar barədə Rusiya tərəfindən yanlış yönləndirildiyini düşünür.
“Hazırda Ağ Ev daxilində enerji üstünlüyü tərəfdarları – məsələn, amerikalı maye qaz (LNG) istehsalçıları üçün yeni bazarlar açmaq istəyən Berqam ilə Rusiyaya yaxınlaşmağa çalışan Vitkoff arasında ciddi fikir ayrılığı var”, – deyə mənbə qeyd edib.
Həmsöhbətlərdən biri bildirib ki, Rusiyanın Avropada əsas enerji təchizatçısı statusunu bərpa etməsi Amerika neft və qaz istehsalçıları üçün “qanlı məhvə çevriləcək”.
Xatırladaq ki, bundan əvvəl mediada Almaniyanın keçmiş Ştazi zabiti və Vladimir Putinin köhnə dostu Mattias Varnigin ABŞ-da “Şimal axını-2” layihəsinin yenidən işə salınması üçün lobbiçilik fəaliyyəti apardığı haqda məlumat yayılmışdı. Avropa Komissiyası isə bu layihənin Avropa İttifaqı ölkələrinin ümumi maraqlarına uyğun olmadığını bəyan edib.