Trampın bu paylaşımı İrəvanı QARIŞDIRDI – “Ermənistan bunun əksini tətbiq etmək niyyətindədirsə...”
“Avqustun 8-də razılaşdırılan bəyannamədə açıq şəkildə qeyd olunub ki, Ermənistan, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidi təmin etməlidir. Təəssüf ki, bu bəndin, daha dəqiq desək, bəyannamənin 3 və 4-cü maddələrinin Ermənistanda fərqli şəkildə yozulduğunu görürük”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
O, ABŞ Prezidenti Donald Trampın “Truth Social” hesabındakı paylaşımına münasibət bildirib.
Qeyd edək ki. ABŞ lideri sonuncu paylaşımında Azərbaycan və Ermənistan liderləri ilə dost olmağın onun üçün böyük şərəf olduğunu söyləyib.
Prosesləri şərh edən analitikin fikrincə, Ermənistan hökumət rəsmilərinin açıqlamalarından, həmçinin parlamentin vitse-spikeri Ruben Rubinyanın bəyanatından da aydın olur ki, onlar bu məsələyə başqa cür yanaşırlar:
“Rubinyan bildirib ki, Ermənistan ərazisindən keçəcək istənilən nəqliyyat-kommunikasiya xətti Ermənistanın yurisdiksiyası altında olacaq, gömrük və sərhəd nəzarəti təmin ediləcək. Baş nazir Paşinyan da sentyabr ayında eyni mövqeni səsləndirib. O, “sərhədsiz sərhəd olmaz” ifadəsini işlədərək Ermənistan ərazisindən keçən istənilən nəqliyyat xəttində sərhəd və gömrük prosedurlarının tətbiqinə işarə edib. Hətta analoji nümunə gətirərək deyib ki, Ermənistan MDB ilə də “maneəsiz keçid” rejimi tətbiq edir və bu, Ermənistanın hüquqi aktlarına zidd deyil. Eyni yanaşmanı Azərbaycana da şamil etmək mümkündür. Bundan əlavə, Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı texniki detalların ABŞ və Ermənistan arasında müzakirə olunacağını da açıqlayıb”.
Müsahibimizin fikrincə, bütün bunlar göstərir ki, Ermənistan ya bəyannamədəki maddənin mahiyyətini düzgün dərk etmir, ya da dərk etsə də, icra etmək istəmir:
“Ölkə daxilində siyasi oyunların getdiyi, hökumətin isə öz legitimliyini möhkəmləndirmək üçün manipulyativ açıqlamalar verdiyi müşahidə olunur. Azərbaycanın mövqeyi isə aydındır: maneəsiz keçid dedikdə, Azərbaycan vətəndaşlarının Ermənistan sərhədçiləri və gömrük əməkdaşları ilə qarşılaşmadan birbaşa Naxçıvana gedə bilməsi nəzərdə tutulur. Əgər Ermənistan bunun əksini tətbiq etmək niyyətindədirsə, bu məsələdə narazılıqların qalacağı qaçılmazdır”.
S. Zahidov yekunda onu da söyləyib ki, hazırda Ermənistanda siyasi gərginlik hökm sürür:
“Qarşıda seçkilər var və hökumət həm daxili auditoriyanın nəbzini tutmağa, həm də onun maraqlarını nəzərə almağa çalışır. Digər tərəfdən isə Azərbaycanla sülh sazişinin imzalanması, nəqliyyat-kommunikasiya xətlərinin açılması üçün mövcud Vaşinqton bəyannaməsinin şərtlərinin tam şəkildə icrası zəruridir. Burada söhbət konkret olaraq Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsindən və maneəsiz keçidin təmin olunmasından gedir”.
Rafi Müslümov