Trampın "dostcasına işğal" planı: Seçki öncəsi münaqişə ocaqlarını söndürən lider obrazı, yoxsa yeni tələ?
“Tramp Kubanı dostcasına işğal etmək istəyir”
Bunu politoloq Elşad Mirbəşiroğlu Yenicag.az-a açıqlamasında deyib. O ABŞ Prezidenti Donald Trampın Kubanın gələcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib:
“Donald Tramp son vaxtlar Kubanın nəzarətə götürülməsi haqqında intensiv şəkildə danışmağa başlayıb. Son iki həftədə əsas diqqəti İrana yönəltsə də, xatırladım ki, bundan öncə o, Kubanı “dostcasına işğal edəcəyini” bəyan etmişdi. Bununla Tramp, iqtisadiyyatı zəif olan və resursları tükənən Kubanı iqtisadi cəhətdən ABŞ-dan tam asılı vəziyyətə salmaq niyyətini ortaya qoyur. Doğrudur, o, Kuba və ABŞ arasında yüksək səviyyəli danışıqların getdiyini iddia edir Kuba rəsmiləri isə bu məlumatı nə təsdiq, nə də inkar ediblər. Trampın əsas məqsədi ABŞ şirkətlərini bu ölkədə yerləşdirmək və Kubanı Amerikanın enerji daşıyıcılarından asılı vəziyyətə salaraq “dostcasına işğal” prosesini tamamlamaqdır. O, bunu çəkinmədən, açıq şəkildə səsləndirir.”
Politoloq “Amerikanın Kuba planında müharibə varmı?” sualına belə cavab verib:
“İnanmıram ki, Tramp İrandan sonra Kubaya qarşı hərbi əməliyyat keçirsin. Hazırkı müharibə və gərginliklər Amerikanın nüfuzuna da ciddi zərər vurmaqdadır. Tramp İranla qarşıdurma fonunda NATO-nu eyni cəbhədə yer almağa çağırır, əks halda müttəfiqlərini təhdid edir. Lakin görürük ki, Amerikanın ən yaxın müttəfiqləri belə bu çağırışlara cavab vermir. Trampın beynəlxalq hüquq normalarına laqeyd yanaşması tərəfdaşlarında ciddi narahatlıq yaradıb. Bu vəziyyəti böyük şirkətlər arasındakı münasibətə bənzətmək olar: iflas edən şirkəti yüksəlişdə olan digəri özünə birləşdirməyə çalışır. Hazırkı vəziyyətin ən doğru təsbiti budur.”
E. Mirbəşiroğlu qeyd edib ki, hazırkı mərhələdə Kubaya qarşı mümkün hərbi əməliyyat real görünmür:
“Müharibənin əvvəlində “İranı bir neçə günə təslim edəcəm” deyən Trampın gözləntiləri doğrultmadı, İran müqavimətini davam etdirir. Bundan sonrakı prosesləri təxmin etmək mürəkkəbdir.”
Sonda politoloq vurğulayıb ki, Trampın iki fərqli cəbhədə müharibə aparmaq qərarı verəcəyi ehtimalı aşağıdır:
“Xüsusilə nəzərə alsaq ki, ABŞ-da bir neçə aydan sonra aralıq seçkilər keçiriləcək. Trampın özünü münaqişə ocaqlarını söndürən lider kimi tanıtmağa çalışdığı bir vaxtda, yeni gərginliklər yaratmaq partiya üçün böyük risk olar. Ona görə də, Trampın Kuba ilə danışıqlara üstünlük verəcəyini təxmin edirəm.”
Nurlan Cəfəri













