Trampın "İran blefi" və böyük dövlətlərin BAZARLIĞI: “Çin və Rusiyanın damarlarını kəsməyə çalışır”
“Tramp Çin və Rusiyanı müəyyən mənada neytrallaşdırmaq məqsədilə İranın daxili məsələsinə dair belə bir bəyanat verib. Bu, bir növ ‘bazarlıq’ cəhdidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında hüquqşünas-politoloq Xəyal Bəşirov bildirib.

Ekspert ABŞ-nin İranın daxili etirazlarına müdaxilə edəcəyi ilə bağlı səsləndirdiyi bəyanatları indiki şəraitdə “absurd” adlandırıb.
Politoloqun sözlərinə görə, ABŞ-nin hazırkı prioritetləri fərqlidir:
“İrandakı aksiyalarda baş verə biləcək polis zorakılığına qarşı Trampın müdaxilə edəcəyi ilə bağlı bəyanat indiki mərhələdə ‘blef’ xarakterlidir. ABŞ-nin başı hazırda onlar üçün daha vacib olan mövzulara qarışıb. Xüsusilə Venesuela məsələsinin sonu, Maduronun hakimiyyətdən kənarlaşdırılmasından sonra Çin və Rusiyanın buna necə reaksiya verəcəyi suallar doğurur”.
Xəyal Bəşirov vurğulayıb ki, Tramp administrasiyası ilk növbədə öz regionunda rəqiblərini sıxışdırmağa çalışır:
“Tramp Çin və Rusiyanı neytrallaşdırmaq üçün İran mövzusundan istifadə edir. Bu bəyanat etirazçıları ruhlandırmaq və gücləndirmək məqsədi daşıyır. Hazırda Tramp daha çox Amerika qitəsinə fokuslanıb. O, öz regionunda Rusiya və Çinin damarlarını kəsib, daha sonra dünyaya çıxmağa çalışır”.
Ekspertin fikrincə, verilən vədlər sadəcə etiraz dalğasını alovlandırmaq üçündür:
“ABŞ İran məsələsində heç bir səfərbərlik etmədən, əziyyət çəkmədən çağırışlar edir. Tramp öz maraqlarına uyğun vədlər verir. Düşünmürəm ki, belə gərgin dövrdə o, İran proseslərinə birbaşa qarışsın. Müdaxilə üçün ən yaxşı fürsət ötən il yaranmışdı, lakin ABŞ prosesi sadəcə yekunlaşdırmaqla kifayətləndi. Gələcəkdə etirazlar rejim dəyişikliyinə gətirib çıxarsa, o halda ABŞ öz maraqlarına uyğun loyal addımlar atacaq”.
Nurlan Cəfəri












