"Trendyol" hissələrinin 85 faizi "Uber"ə keçdi - Razılıq verildi
“Trendyol GO” platformasının 85 faiz payının Uber tərəfindən alınmasına Türkiyənin Rəqabət Qurumundan icazə verilib.
Yenicag.az xəbər verir ki, rəsmi açıqlamada bildirilib ki, e-ticarət sahəsində fəaliyyət göstərən, market və restoran sifarişləri üzrə tanınan “Trendyol GO”nun böyük hissəsinin “Uber” tərəfindən devralınması əməliyyatına razılıq verilib.
Qurum bu qərarı verərkən sözügedən əməliyyatın bazarda hökmranlıq yaratmayacağını və ya mövcud hökmran mövqeni gücləndirməyəcəyini əsas götürüb. Bildirilib ki, bu birləşmə nəticəsində bazarda rəqabətin əhəmiyyətli dərəcədə zəifləməsi gözlənilmir.
Qeyd edək ki, “Uber” “UberEats” markası ilə artıq bir çox ölkədə fəaliyyət göstərir. Bu addımla şirkətin yaxın gələcəkdə Türkiyədə də market və restoran sifarişi bazarına daxil olacağı gözlənilir. Hazırda “Trendyol GO” platformasında 19 min kuryer və 90 mindən çox market-restoran qeydiyyatdadır.