Azərbaycan Premyer Liqasında XXIII turun oyunları davam edir.
Yenicag.az xəbər verir ki, günün ilk görüşü “Sabah” və “Turan Tovuz” komandaları arasında keçirilib.
“Sabah” matçın favoriti sayılsa da, gözlənilmədən hesabı 11-ci dəqiqədə qonaqlar açıblar. Natan Oduva qapıçı ilə təkbətək dueldə toru silkələyib. “Turan Tovuz” 35-ci dəqiqədə fərqi iki topa çatdırmağa çox yaxın olub. Lakin təyin olunan penaltini Ayxan Quseynov dəqiq yerinə yetirə bilməyib. Bakılıların baş məşqçisi Murad Musayev hakimin penalti qərarına kəskin etiraz etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan qovulub.
Quseynov bunun əvəzini ikinci hissədə çıxıb. Rusiyalı yarımmüdafiəçi 64-cü dəqiqədə adını tabloya yazdırmağı bacarıb. Bu, qarşılaşmada vurulan son qol olub və “Turan Tovuz” “Sabah”la səfər oyununda sensasiya edərək, 2:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra xallarının sayını 26-ya yüksəldən “Turan Tovuz” altıncı pillədəki mövqeyini möhkəmlədib. “Sabah” isə 53 xalla ikinci yerdə qalıb.
Qeyd edək ki, turun başa çatan oyunlarında “Kəpəz” “Şamaxı”nı (3:2), “Qəbələ” “Sumqayıt”ı (2:1), “Neftçi” isə “Səbail”i (3:0) öz meydanında məğlub edib. “Zirə” – “Qarabağ” matçı saat 19:00-da başlayacaq./Report/
www.yenicag.az