TBMM millət vəkilləri TSK-nın Afrində təşkil etdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi Yenicag.az-a şərh ediblər.
AKP-nin Osmaniyədən seçilmiş millət vəkili Suat Önal, Azərbaycanın qardaşlıqdan irəli gələn öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdiyini bildirib:
“Ölkəmizin sərhədlərində yaranan, milli təhlükəsizliyimizi təhdit edən PYD/YPG və İŞİD terror təşkilatına qarşı Türk Silahlı Qüvvələrinin təşkil etdiyi “Zeytun budağı” əməliyyatı beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilir. Azərbaycanın haqlı davamızda bizə verdiyi güclü dəstək qardaşlığın tələbidir. “Bir millət, iki dövlət” şüarının sadəcə sözdən ibarət olmadığını qardaş Azərbaycan bir daha sübut etmiş oldu. Bu vəziyyət hər şeydən əvvəl cənab prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin qurduğu möhkəm dostluq və qardaşlığın nəticəsidir. Azərbaycanın da torpaq bütövlüyünə qovuşacağı gün çox uzaqda deyil. İnşallah, oxşar əməliyyatlar Qarabağda aparılanda millətimiz və ordumuz qardaş Azərbaycanın arxasında olacaq”.
Cumhuriyyət Xalq Partiyasının İstanbuldan seçilən millət vəkili Dursun Çiçek isə qeyd edib ki, Türkiyə üçün bu qədər vacib məsələdə Azərbaycanın qeydsiz-şərtsiz dəstək verməsi heç vaxt unudulmayacaq:
“TSK həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə Türkiyənin Yaxın Şərqə quru yolunun kəsilməsi məqsədi daşıyan hiyləli planları sıradan çıxaracaq. Azərbaycanın bu məsələdə verdiyi qeydsiz-şərtsiz dəstək böyük əhəmiyyət kəsb edir. Qardaşlıq belə vaxtlarda bəlli olur. Azərbaycan da qardaşlığa ən yaxşı nümunə kimi Türkiyə ordusuna misilsiz dəstək verir. Qardaş Azərbaycan da iğal altında olan torpaqlarını geri qaytarmaq üçün əməliyyatlara başlayanda Türkiyə onun yanında olacaq. Buna heç kim şübhə etməsin”.
MHP-nin sədr müavini, Antalyadan seçilmiş millət vəkili Mehmet Nazif Günal, Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi alqışlayaraq, Azərbaycanın qardaşdan da yaxın olduğunu söyləyib:
“Ordumuzun terrorizmə qarşı başlatdığı “Zeytun budağı” əməliyyatına millət olaraq səfərbərlik elan edəndə qardaş Azərbaycan da heç bir şərt qoymadan öz dəstəyini ortaya qoydu. Bu, tarixi əhəmiyyətə malikdir. Tarix, qardaş Azərbaycanın verdiyi bu addımını qızıl hərflərlə yazdı. Azərbaycan Qurtuluş savaşına verdiyi dəstəyi yenə də ölkəmizin milli təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edən bir məsələdə təkrar göstərdi. Bu hal qardaşlıqdan da o tərəfə bir həmrəylik nümunəsi olaraq dəyərləndirilməlidir”.
www.yenicag.az