Türk dünyasının ortaq musiqisi

media-hightechnic-468x90

Dünəndən miras qalanlar və sabaha aparacaqlarımız

Doqquzuncu məqalə

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir. Layihənin məqsədi Türk dünyasında bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 12 məqalənin hazırlanması nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edəcək həmin 12 məqalənin doqquzuncusu oxuculara təqdim edilir.

Bu məqalədə Türk dünyasında önəmli yer tutan və ortaq dəyər olan musiqidən bəhs edəcəyik. Bu istiqamət üzrə həmsöhbətlərimiz Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasınınaparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf  Bəhmənli və Qazaxıstanın Türk xalqları arasında Ədəbi ilişkiləri gəliştirmə Vəqfinin başqanı, DGTYB Qazaxıstan təmsilçisi, yazıçı-publisist Erkinbek Serikbaydır.

Türk xalqları lap qədimdən musiqiyə çox önəmli yer ayırıblar

Türk dünyasının ortaq musiqisinə, Azərbaycan və Qazaxıstan prizmasında onların dəyərləndirməsinə keçməzdən öncə bildirək ki, türk xalqları lap qədimdən musiqiyə çox önəmli yer ayırıblar. Tarixi mənbələrdən bəlli olduğu kimi, Hun, Uyğur, Türk, Səlçuqlar, Osmanlıların yaratdıqları musiqi türk xalqlarının ortaq musiqisini formalaşdırıb.

Qeyd edək ki, Orta Asiyanın geniş bozqurlarından başlayaraq bütün Anadolunun mədəni zənginliklərinə qədər türk xalqlarının musiqisi bir-birinə bənzəyən, amma hər birinin özünə məxsus xarakteristikaları ilə fərqlənən elementlərə malikdir. Ümumiyyətlə isə türk musiqisinin kökləri çox qədim zamanlara Orta Asiyada köçəri həyat tərzi sürən türk xalqlarının mədəniyyətinə gedib çıxır.

Musiqi və təbiətin vəhdəti

Köçəri türkləri, oğuz türkləri daima təbiətlə sıx əlaqədə olub və bu, öz növbəsində musiqiyə də sirayət edib. Çünki musiqi alətləri çox vaxt təbiətdə tapılan materiallardan hazırlanırdı.

Məsələn: Tütək- İrəvan türklərinin ən sevimli musiqi alətidir. İrəvanın məhşur Şallaq əriyi ağacından hazırlanan nəfəsli musiqi alətidir.

Ney- ağaçdan, qamışdan, qarğıdan ya da bürünçdən düzəldilən üfləmə musiqi alətidir. Tarixi eramızdan min il əvvəl gedib çıxır.

Balaban- qarğıdan, fındıq, qoz, əriyi ağacından hazırlanır. Ümumdünya qeyri-maddi mədəni irs siyasına salınması üçün Azərbaycan və Türkiyə tərəfindən birgə addımlar atılıb.

Təbii ki, bu sırada Azərbaycanın və bütün türk ozan dünyasının istifadə etdikləri əsas çalğı aləti olan qopuz(dəri və taxta üzlüklə örtülür), Azərbaycanda yayılmış, nəfəslə çalınan musiqi aləti olan zurna (əsasən qoz, ərik, ağacından hazırlanır), həmçinin zahiri görünüşü saz alətinə bənzəyən, üç simli dartımlı musiqi aləti olan təmbur, simli, dartımlı musiqi aləti rübab, bərbət, çəğanə, cəng, çoxur, bəm-tar, dilruba, qabaq kəmanə kimi türklərin istifadə etdiyi musiqi alətlərini qeyd edə bilərik.

Tulumun çox qədim tarixi var

Bu musiqi alətləri içərisində tulumun üzərində xüsusi dayanmağı vacib sayırıq. Çünki nəfəslə çalınan dəri çalğı aləti olan tulum keçmişdən günümüzədək, İrəvan, Qərbi Azərbaycan, əsasən Dərələyəz, Amasiya, Qarabağ, Şərqi Zəngəzur, Qazax, Naxçıvan ərazisində yayılıb. Tulumun çox qədim tarixi var. Alimlərimiz hətta Tulumun yaranma tarixini sinifli cəmiyyətin ilkin dövlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri, fərqli adlarla Qafqaz eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə olunur. Ortaq türk musiqi aləti bu günədək Türkiyənin Trabzon bölgəsində həddən artıq sevilir və tanınır.

Bu alətlərdən biri də ruddur. Məlumat üçün bildirək ki, qədim simli çalğı aləti olan rud Nizami Gəncəvinin “İskəndərnamə” əsərində belə vəsf olunmuşdur: “Müğənni, çal rudu, gəl dadıma çat, məni bu amansız yuxudan oyat”.

Tarixi mənbələrə əsasən, rudun ilk nümunələrinin çanağı Balqabağdan, simləri isə İpək sapdan hazırlanıb. Xarici görünüşü də balqabağı xatırladır.

media-img_3838

Xəzərin iki tayından bir baxış

Bu məqamda qeyd edək ki, ortaq kökdən gələn xalqların digər mədəni sərvətləri kimi, musiqisi də yalnız səslərin harmoniyası deyil, həmçinin yaddaşın, kimliyin, ruhun və düşüncənin musiqi dilində ifadəsidir. Xəzərin iki tayındakı iki türk ölkəsi – Azərbaycan və Qazaxıstan – bu musiqi yaddaşının həm daşıyıcısı, həm də yaradıcısı kimi önəmli görəvləri yerinə yetirir. Bu yaddaşın qədim başlanğıcı isə mifdən gerçəkliyə, əfsanədən tarixə keçən, əfsanələşmiş bir şəxsiyyətlə – Dədə Qorqud (DedeKorkut; Qorqıt Ata (Қorқıt Ata), Dede Gorkut, Dada Qorqut) obrazı ilə işarələnir.

Dədə Qorqud yalnız dastan qəhrəmanı və ya dastançı deyil. O, ozan, aşıq, musiqiçi, filosof, qankəsən nüfuzlu ağsaqqal obrazıdır. Türk dünyasında musiqiçi sadəcə sənətkar olmaqla yetinməyib, həm də toplumun yaddaşını daşıyan, sözlə səsi birləşdirərək onu gələcəyə daşıyan bir kodu ifa edən mədəniyyət-sənət, ruhaniyyət daşıyıcıdır.

media-img_3839

Dədə Qorqudun dastanlardakı fəaliyyəti – söz deməsi, qopuz çalması, dualar oxuması – əslində, Orta Asiyadan (Türküstandan) Ön Asiyaya qədər uzanan musiqi mədəniyyətinin ilkin formasıdır. Bu, həm Qazaxıstandakı kueler, jır və qopuz mədəniyyətində, həm də Azərbaycandakı aşıq sənəti, muğam və sazla müşayiət olunan dastanlarda yaşayır.

Beləliklə, yazımızın bu hissəsindən etibarən Qazaxıstan və Azərbaycanın timsalında ortaq türk musiqi yaddaşının dünəndən gələn mirasını və sabah üçün nə apara biləcəyimizi yığcam şəkildə ifadəyə çalışacağıq.

Dədə Qorqudun musiqi dünyasi və ortaq mənəvi məkanda qopuzun səsi

media-img_3840

Məsələ ilə bağlı ilk müraciət etdiyimiz Rauf Bəhmənli qeyd etdi ki, türk mədəniyyətində söz və musiqi arasında ayrılmaz bir bağlılıq mövcuddur: “Bu bağlılıq ən qabarıq şəkildə Dədə Qorqud timsalında özünü göstərir. Dədə Qorqud – həm danışan, həm düşünən, həm də ifaçı bir obrazdır. O, həm sözün müdrikliyini, həm də səsin sehrini özündə birləşdirən arxetipik simadır. Dastanlarda onun “qopuz çalıb söz deməsi” sadəcə bədii təsvir deyil – bu, türk ruhunun oral və musiqili yaddaş üzərində qurulmuş mədəniyyət modelinin simvoludur.

Bildirildi ki, “Dədə Qorqud – Altay, oğuz və və digər türk rəvayətlərində, əfsanə, nağıllarında adı çəkilən ozan, aşıq, el ağsaqqalıdır. Dədəmizin həqiqi tarixi kimliyi haqqında müxtəlif fərziyyələr (şaman-ozan olması, Göytürk dönəmində yaşamış türk hakimi olması və s.) var.Əcdadımız Dədə Qorqudu bir qutsal şəxsiyyət olaraq qəbul edib. Bundan başqa, Qorqudun İslamdan daha öncə yaşamış bir şaman-ozan olduğu fikri getdikcə daha çox tərəfdar qazanmaqdadır.

media-img_3837

Saz və qopuz – iki taydan eyni kökə…

Ekspert qeyd etdi ki, saz və qopuz – biri Azərbaycan aşıq sənətində, digəri Qazax bozqırlarında – eyni arxaik düşüncənin iki səsidir: “Sazın Dədə Qorqudla bağlanması kimi, qopuz da o ulu əcdadımızla əlaqələndirilir və qutsal musiqi aləti kimi təqdim olunur. Dədə Qorqud – Qazaxıstanın musiqi tarixində ozanlığın və fəlsəfi müdrikliyin simasıdır. Belə paralellik təsadüfi deyil – bu, ortaq mənəvi və musiqi kodlarının zaman içində iki coğrafiyada daşıdığı mahiyyəti göstərir.

Aşıq sənəti və akınçılıq (jırçılıq) gələnəyi

Müsahibimizin sözlərinə görə, Azərbaycanda aşıq sənəti – sazla müşayiət olunan söz sənətidir: “Aşıq həm şair, həm bəstəkar, həm rəqqas, həm də ifaçıdır. Qazaxıstanda isə “akın” yaxud “jırçı” – yəni dastan deyən, improvizator musiqiçi – bu funksiyanı yerinə yetirir. Hər ikisi sözlə musiqinin birləşdiyi canlı ensiklopediyadır. Bu mədəniyyət daşıyıcıları minilliklər boyunca ulusların tarixi, qəhrəmanlıq dastanları, etik və estetik düşüncəsi haqqında bilgini qoruyub yaşatmışlar.

Musiqi dili və ritm: Bozqırdan Qarabağa qədər bir axış

O da bildirildi ki, ortaq türk musiqisinin ritmik və melodik quruluşunda təbiətə uyğunlaşma və təbii harmoniyaya canatma müşahidə olunur: “Qazax mahnılarındakı uzun havalar, Azərbaycanın muğamlarındakı melizmatika və modal strukturlar qədim bozqır nəfəsini daşıyır. Dədə Qorqudun ruhu bu axışda “danışır” – hər melodiyada, hər ləngimədə, hər improvizasiyada.

Yazımızım bu yerində maraqlı iki haşiyəni xatırlatmaq yerinə düşər. Birinci haşiyə, Beynəlxalaq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının “Ədəbiyyat qəzet”indəki (14.06.2022) “Türk xalqları ədəbiyyatı dövrləşməsi – Azərbaycandan baxış” adlı araşdırma yazısındandır. Yazıda önəmli məqamlara toxunan müəllif həmçinin qeyd edir ki, bütün dövrlərdə iç dünyamıza – “ortaq keçmişdən ortaq gələcəyə” çağıran, eləcə də dış dünyaya sayqılı davranıb, bərabərhüquqlu ədəbi dialoqda olan şair, yazıçı və ədəbiyyatşünasların yaradıcılığı ön plana çıxır.

Müəllif vurğulayır ki, “türk ədəbiyyatı çox qədimdən başlayıb, müxtəlif dövrlərdən, aşamalardan keçərək, günümüzə yetişib və əlbəttə, gələcəkdə də yaşayacaq, üfüqötələrinə qanadlanacaq, toplumumuzu da qanadlandıracaq, ruhlandıracaqdır. Bu önəmli ədəbiyyatın yüzillər içində obyektiv, subyektiv səbəblər üzündən fərqliliklər qazanması aydındır və günümüzdə ümumtürk ədəbiyyatından danışarkən, ayrı-ayrı türk ölkə və topluluqlarının ədəbi mühitlərinin ən ümdə, ümumi hadisələrinin, məhsullarının əsasında danışmalı oluruq. Qarşılıqlı ədəbi-mədəni ilişkilərdə, həmin mühitlərin ortaq keçmişdən ortaq gələcəyə gedən yolun tələblərinə ən universal şəkildə cavab verən abidələrini, imzalarını çağdaş çağırışlarla bir ortamda tutmaq alternativlərin ən yaxşısıdır”.

Bu sitatı təsadüfən xatırlamadıq. Məsələ burasındadır ki, eyni bölgünü yaxud yanaşmanı musiqiyə, ümumən incəsənətə də aid etmək mümkündür. Ən azı o səbəbdəndən ki, ədəbiyyatla, özəlliklə poeziya musiqi iç-içədir, habelə incəsənəti bunlardan hər hansı biri olmadan təsəvvür etmək sadəcə mümkün deyil. Belə olunca, ciddi tarixi dönəmlərdən keçən, ayrılmalar və s. yaşayan ulusun söz sənətində baş verənlər digər sənət növlərində də dərindən müşahidə olunduğu aydındır.

Cavid Şahverdiyev

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600