Zelenski: “Ukrayna 2027-ci ildə Aİ-yə üzv olmağı hədəfləyib”
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin 2027-ci ildə Avropa Birliyinə (Aİ) tamhüquqlu üzv qəbul ediləcəyinə dair iddialı hədəflərini açıqlayıb.
Yenicag.az xəbər verir ki, Zelenski yanvarın 27-də Avstriya Kansleri Kristian Stokkerlə keçirdiyi görüşdə bu barədə danışıb.
Prezident qeyd edib ki, 2027-ci il tarixi təkcə bir hədəf deyil, həm də Ukraynanın və bütövlükdə Avropanın təhlükəsizliyinin əsas qarantıdır.
Qeyd edək ki, görüş zamanı Zelenski Kanslerə ötən həftə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçirilən üçtərəfli sülh danışıqlarının ilkin nəticələri barədə də məlumat verib. Həmçinin Əbu-Dabidə baş tutan görüşlərdə müharibənin dayandırılması parametrləri ilə yanaşı, Ukraynanın gələcək təhlükəsizlik arxitekturasında Aİ üzvlüyünün rolu müzakirə edilib.
Xatırladaq ki, Ukraynanın 2027-ci ildə birliyə qoşulması ideyası ilk dəfə 2025-ci ilin dekabrında ABŞ-nin təklif etdiyi sülh planının bir hissəsi kimi gündəmə gəlmişdi. Həmin planda Ukraynanın 1 yanvar 2027-ci il tarixinədək “sürətləndirilmiş proses” vasitəsilə Aİ üzvü olması nəzərdə tutulur./Qafqazinfo/












