!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk ekspert: “Rusiyanın Avrasiyada antitürk və antiqərb siyasəti, Çinin işinə yaradı”

!Reklam – Yazi

Tarixçi professor, politoloq Toğrul İsmayıl Yenicag-ın suallarını cavablandırıb.

Toğrul İsmayıl

– Avrasiyadaki geosiyasi hadisələrin arxasında hansı güclər var? Bu, hansı dövlətlərin maraqlarından irəli gələn savaşdır? ABŞ, Çin, Rusiya… bu savaşda Türkiyənin həqiqi yeri haradır?

– Sovet İmperiyasının dağılması ilə birlikdə ortaya yeni bir bölgə çıxdı. Bura Rusiya və Avropada Avrasiya adlandırılsa da, Türkiyə tərəfdən baxdığımızda Avrasiya yox, Türküstan bölgəsi, Qafqaz deyə bilərik. Ancaq bu çox yayılmış bir termin olduğundan bizim də Avrasiya deməyimiz daha məqsədəuyğundur. Burada yaranan yeni dövlətlərlə bağlı bir neçə versiya var. Sərbəst ticarət nöqteyi-nəzərindən bunlarla iqtisadi əlaqələri Türkiyə inkişaf etdirməkdə maraqlı idi. Digər tərəfdən də etnik və dini cəhətdən türkə yaxın bölgələr var idi. Bu gün isə həmin bölgə ayrıca maraq doğurur. Ölkələrin həm sosial-iqtisadi-siyasi inkişafı, həm də təbii ehtiyatlarla zəngin olan bu yerlərin Avropa üçün alternativ enerji qaynağı baxımından önəm kəsb etməsi bura olan marağı daha da artırır. Sadəcə Avrasiyanın deyil, eyni zamanda Türkiyənin də hədəf olduğu bölgələrdən biri, əlbəttə, bu bölgədir. Rusiya Türkiyə siyasətində Avrasiyanın bir parçasından çox, bütün dövlət olaraq görülməkdədir.

Bölgədə rəqabət artmaqdadır. Amerikanın da, Avropa Birliyinin də, Rusiyanın, Çinin də öz maraqları var… Xüsusilə də Çin son illərdə burada gücünü artırmaqdadır. Rusiyanın Avrasiyada antitürk və antiqərb siyasəti o qədər güclüdür ki, əslində, bu, Çinin işinə yaramağa başladı. Rusiyanın bu siyasəti Çinin bölgədə güclənməsinə səbəb oldu. Rusiya Türkiyə ilə yaxınlaşaraq bu bölgədə başqa güclərin möhkəmlənməsinin qarşısını ala bilərdi. Lakin Rusiya bunu etmədi və mənə görə, bu, Rusiyanın çox yanlış siyasəti idi.

Qərbə baxdığımızda da eyni şeyi görürük. Ukrayna, Baltikyanı ölkələr, Moldova, Gürcüstan kimi ölkələr də Qərbyönümlü siyasət apararaq Rusiyadan uzaqlaşdılar. Bunu dəqiqliklə deyə bilərəm ki, bölgədə Amerika, Rusiya və Çin çox aktivdirlər. Avropa Birliyi isə burada bir o qədər də uğurlu ola bilməyib. Artıq son illərdə Avropa Birliyinin yumuşaq siyasət yürüdərək rejimlərlə geosiyasi işbirliyinə getdiyini görürük. Türkiyənin yürütdüyü siyasət isə həm Rusiyanın, həm Avropa birliyinin, həm də digərlərinin siyasətindən fərqlidir. Türkiyə ilk vaxtlarda, mənə görə, çox ağıllı və praktik üsuldan istifadə edərək etnik və dini yöndən dövlətlərlə yaxınlaşmağa başlamışdı. Digər tərəfdən, Türkiyə hər zaman bölgədə Rusiya fenomenini diqqətdə saxlayıb və onun həssas nöqtələrinin üzərinə getməməyə çalışıb. Türkiyənin tarazlığı qoruma siyasəti Rusiyanın təktərəfli maraqları uğrunda etdiyi hərəkətlərlə iflas etdi. Məsələn, Qara dəniz bölgəsinə NATO ölkələrinin girməməsinə çalışanda, Krımın işğalında Türkiyənin tarazlıq siyasətini yerlə bir etdi. Eyni şəkildə, Cənubi Qafqazda Rusiya-Gürcüstan müharibəsində də bunu görürük. Separatçı qüvvələri müstəqil dövlət olaraq tanıyıb və Türkiyənin maraqlarına uyğun olmayan siyasət yürüdüb. Həmçinin, Qarabağ mövzusunda da eyni şey yaşandı. Putinin “Bu, çox uzun prosesdir” deməsi, Türkiyəyə diplomatik dildə “Bu, sizin işiniz deyil” deməsi idi.

Yəni Türkiyə Avrasiyada var, ancaq onun Avrasiyanın harasında olduğunu demək çətindir. Çünki tarazlıq dəyişkəndir. Amma Türkiyə bu bölgədən əl çəkən deyil və qonşu dövlətlərlə qarşı-qarşıya gəlməyə deyil, işbirliyinə getməyə çalışır. Bu, hər layihədə özünü göstərməkdədir.

– Rusiya və Qazaxıstanın başçılığı ilə qurulmuş Avrasiya İqtisadi Birliyi üzv sayını artıra bilmədi, əksinə bir çox üzv ölkədəki siyasi güclər öz dövlətlərinin bu təşkilatın damı altında vaxt itirdiyini, inkişafdan uzaq qaldığını düşünürlər və dərhal Moskvanın maraq dairəsindən çıxmağı təklif edirlər. Bu haqda nə deyə bilərsiniz?

– Bildiyimiz kimi, Avrasiya İqtisadi Birliyi yeni bir təşkilatdır. Düzdür, belə bir təşkilatın yaradılması ilə bağlı təkliflər və istəklər çoxdan var idi. Nazarbayev bu məsələni 1994-cü ildə, yəni 25 il bundan əvvəl dilə gətirmişdi. Amma bu birlik 5 ildir ki, fəaliyyət göstərir. Rusiya əvvəllər bu təşkilatın siyasi tərəfini göstərməyə çalışsa da, Qazaxıstanın təkidləri nəticəsində indi onu iqtisadi birlik adlandıra bilərik. Amma bir məsələ var, bu təşkilat ilk dəfə meydana çıxdıqda Avropa Birliyinə alternativ kimi dəyərləndirilsə də, biz fərqli bir vəziyyətin ortaya çıxdığını görürük. Bunu qeyd etməliyik ki, bu təşkilata üzv ölkələrin iqtisadi vəziyyəti bir o qədər də ürəkaçan deyil. Yəni yetərincə iqtisadi gücə sahib deyillər. Xüsusilə də Ermənistan və Qırğızıstanın iqtisadiyyatlarının bərbad olduğunu deyə bilərik. Ermənistanın bu birliyə üzvlüyü Rusiyanın israrları nəticəsindədir, stratejik xarakter daşıyır və hər hansı sərhədi də yoxdur. Rusiyanın Qazaxıstan və Belorusa əlinin çatmasına yardımçı olur. Qırğızıstanın üzvlüyü də iqtisadi cəhətdən yox, stratejik cəhətdən önəmlidir. Xüsusilə düşünsək ki, Rusiya Avrasiya İqtisadi Birliyinə siyasi nöqteyi-nəzərindən baxır, belə ölkələrin üzvlüyü çox vacibdir. Rusiyanın bir çox məsələlərdə birlikdən ayrı, təkbaşına hərəkət etməsi, məsələn, Krımın ilhaqı, Suriya siyasəti və digər məsələlər ucbatından Rusiyaya sanksiyaların tətbiqi onun iqtisadiyyatını zəiflətməklə yanaşı, birliyə üzv olan ölkələrdə sanksiyalardan onlara da pay düşəcəyi qorxusunu yaradır. Bu birliyin iqtisadi cəhətinin daha öndə olduğunu və siyasi tərəfinin az olduğunu bildiyimiz üçün deyə bilərik ki, iqtisadi birlik hər zaman yetərli güc vermir. Biz Avropa Birliyini də bu cəhətinə görə tənqid edirik. Avropa Birliyində də iqtisadi tərəf olduqca güclüdür, lakin siyasi tərəf deyil. Ancaq Avropa Birliyində artıq siyasi mexanizmin qurulmasına başlanılıb. Avrasiya İqtisadi Birliyində isə iqtisadi cəhətin önə çəkilməsi siyasi tərəfdən bir çox məsələlərdə anlaşılmazlıqlar yaradır. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, üzv ölkələrin iqtisadi zəifliyi bu birliyi hələ ki cazib etmir. Bundan əlava, bura üzv olan ölkələr başqa təklifləri dəyərləndirib, Avrasiya İqtisadi Birliyindən çıxa da bilərlər. Dediyim kimi, əsas olan iqtisadi cəhətdir və hər ölkə də haradan daha çox qazanc əldə edəcəksə, ora da yönələcək.

– Ərdoğanın son Moskva səfərini necə dəyərləndirirsiniz? Rusiyanın media orqanlarına açıqlama verən mütəxəssislər Türkiyənin Rusiyadan daha çox asılı hala gəldiyini bildiriblər. Moskvanın Türkiyə üzərindəki geosiyasi təsiri nə qədər güclüdür?

– Erdoğanın Moskva səfəri iqtisadi xarakter daşıyırdı. Son illər rus, türk və qərb ekspertləri tərəfindən Türkiyənin Rusiya ilə strateji işbirliyinə başlaması və digər məsələlər gündəmə gətirilməkdədir. Bunlar mənə görə çox şişirdilmiş məsələlərdir. Bu gün Türkiyə ilə Rusiyanın münasibətlərini soyuqqanlılıqla müəyyənləşdirmək lazımdır. Burada nəyin stratejik olduğu məsələsi gündəmə gəlməlidir. Əlbəttə, həm Rusiya, həm də Türkiyə Avrasiyanın iki ən böyük dövlətidir. Bu iki dövlətin üst-üstə düşən maraq dairələri var. Bu maraq dairələri hər an qarşıdurmaya çevrilə bilər. Türkiyə bu məsələdə daha çox iqtisadi işbirliyini qabartmağa çalışır. Rusiya isə iqtisadi gücü zəif olduğundan bölgədə daha çox gücünü göstərməyə çalışır, daxildə olan gizli qruplarının vasitəsilə hərəkət etməyə cəhd göstərir. Bu cür fəaliyyətlər qarşıdurmaya gətirib çıxara bilər.

Yuxarıda da qeyd etdiyim kimi, Qara dəniz bölgəsində təktərəfli siyasəti və Ukrayna, Krım məsələsində Rusiya çox şey itirdi. Birincisi, Ukraynada milli dövlətin yaranmasına dəstək oldu. O biri yandan Kiyev Krımdakı rus seçicilərdən narahat idi və Krımın getməsi bir növ Kiyevin işinə yaradı. Krımın Rusiya tərəfindən işğalı Ukraynanı Rusiyadan uzaqlaşdırsa da, Qərbə qarşı bəzi tələblər irəli sürməsinə yol açdı. Qonşu dövlətlər də Rusiyanın gücündən istənilən vaxt istifadə etməsindən narahat oldular. Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi vaxt isə Türkiyə bu sanksiyalara qoşulmadı. Rusiya eyni siyasəti Cənubi Qafqazda 2008-ci ildə də yürütmüşdü və bu, ciddi problem yaratmışdı. Mərkəzi Asiyada da Rusiya yenə təktərəfli hərəkət etməyə çalışır. Türkiyənin, ABŞ-ın və digərlərinin ora girməsinin qarşısını alır və bu, sadəcə Çinin işinə yarayır. Bu bölgələrdə, gördüyümüz kimi, işbirliyi çox çətindir. Amma gəlin indi də bütün bunlara qarşılıq olaraq Türkiyənin etdiklərinə baxaq. Türkiyə 1997-ci ildə Amerikanın təzyiqlərinə baxmayaraq, “Mavi Axın” layihəsini gerçəkləşdirdi, Rusiyadan qaz almağa başladı. Həm də Rusiyaya o qədər güvəndiyini göstərdi ki, bu layihənin davamı olaraq bir çox yeni layihələr həyata keçirildi və bu gün Rusiyadan alınan qaz Türkiyənin daxili ehtiyacının 60 faizdən çoxunu ödəyir. Türkiyə Almaniyadan sonra Rusiyanın ən böyük qaz alıcısıdır.

Qara dəniz məsələsi, Qarabağ məsələsi, Suriyadakı Rusiya siyasəti və bir çox məsələlərdə Türkiyə və Rusiyanın işbirliyi yoxdur. Bu gün Türkiyə və Rusiyanın yaxınlaşmasını stratejik yox, müvəqqəti işbirliyi kimi dəyərləndirə bilərik. Türkiyə Rusiyaya nə qədər yaxşı münasibət göstərməyə çalışsa da, Rusiyadan eyni isti münasibəti görə bilmirik. Məsələn, Türkiyə tərəfdən viza aradan qaldırılsa da, Rusiya hələ bu addımı atmayıb. 2014-cü ildə 32 milyard dollarlıq dövriyyə var idi ki, bunun da 27 milyard dolları Rusiyanın, qalan 5 milyard dolları isə Türkiyənin payına düşürdü və bunun özündə belə biz tarazlığın necə pozulduğunu görə bilirik. Türkiyənin NATO-ya üzv ölkə olmasını və Avropa Birliyinə qatılmaq məsələsinin xarici siyasətində əsas məsələ olduğunu da yaddan çıxarmaq olmaz. S-400-lərin alınması isə sadəcə, hərbi sahədə ticari alışdır. Hərbi sahədə işbirliyini də hələ ki görmürük. Bunlar sadəcə söz olaraq qalır. Ortada problemli və böhran yaradacaq məsələlər o qədər çoxdur ki, burada bir dolaşıqlıq yaranmasın deyə məsələlər birinci ağızdan, Prezidentlər tərəfindən birbaşa olaraq danışılır.

Bundan əlavə, Rusiya Türkiyə ilə Qərb arasındakı münasibətlərin hər zaman gərgin olmasının tərəfdarıdır.

– Krım məsələsində Türkiyə çıxılmaz vəziyyətdədir. Yəni bir tərəfdə Rusiya, digər tərəfdə isə Ukrayna ilə münasibətlərinin əsirinə çevrilmiş kimi görünür. Bəs, Türkiyə Krım məsələsində necə bir strategiya qurmalı, necə bir yol çəkməlidir?

– Türkiyənin Krım məsələsində sizin sualdakı fikrinizə qatılmıram. Türkiyənin bu məsələdəki tutumu olduqca aydındır. Türkiyə bu məsələdə beynəlxalq hüququn yanındadır, yəni Ukraynanın torpaq bütünlüyünü dəstəkləyir. Amma həm Rusiya, həm də Ukrayna ilə ikili münasibətlərini də inkşaf etdirməkdə maraqlıdır. Krımda məscidin tikilməsi və Ərdoğanın ora dəvət edilməsi rus diplomatiyasının ciddi xətalarından idi. Çünki belə dəvətlər doğru və etik deyil. Dünya Rusiyanı Çərkəz qırğınında günahlandıranda Ərdoğan getdi və Rusiyaya öz dəstəyini verdi. Türkiyənin bu məsələlərdə həssaslığını da bilirik. Belə həssaslıq görən birilərinin Ərdoğanı ora dəvət etməsi də çox gülüncdür. Rusiya Xarici İşlər Nazirliyi oturub düşünməlidir ki, bununla Türkiyəni özlərindən uzaqlaşdıra bilərlər. Türkiyə ciddi ve beynəlxalq hüquqa hörmət edən dövlətdir, qonşu dövlətlərin torpaqlarında da gözü yoxdur. Türkiyənin özü terrorla, separatçılıqla mübarizə aparan dövlətdir. Belə bir şeyin qonşularının da başına gəlməsini heç vaxt istəməz və bunda iştirak da etməz. Yalnız Ukrayna məsələsində deyil, həm də Gürcüstan məsələsində də Türkiyə ölkələrin ərazi bütövlüyünü tanıyır. Rusiyanın tanıdığı separatçı respublikaların müstəqilliyini də qəbul etmir. Qarabağı işğal etdiyi üçün Ermənistanla 1993-cü ildən indiyədək bütün diplomatik münasibətlərini də kəsib. Yəni belə bir ölkənin bu vəziyyətdə xarici siyasəti olduqca dəqiqdir.

– Gələk Türkiyənin daxili məsələsinə. Bələdiyyə seçkilərinin nəticələri hansı siyasi təbəqənin gələcəyinə işıq saçır? Günəş “sol”a, yoxsa “sağ”a doğacaq?

– Bu seçkilərlə Türkiyə bir daha göstərdi ki, türk seçicilərinin istəyi hər şeydən öndədir və burada hər şey hüquq çərçivəsində irəliləyib. İstanbulu misal gətirə bilərsiniz. Aradakı fərq o qədər az idi ki, onun uğrunda mübarizə də, əlbəttə ki, bu qədər ciddi olmalıydı. Tərəflər sonunadək mübarizələrini hüquq çərçivəsində davam etdirməliydilər. On üç min fərqlə də olsa, İmamoğlu artıq vəzifəsinin icrasına başlayıb. Amma hüquqi proses hələ də davam edir. Lazımi yerlərə və MSK-ya müraciət də olunacaq. Bəyənsək də, bəyənməsək də, normal hüquq dövləti belə işləyir. Burada ilk dəfə yeni bir şey oldu, böyük şəhərlər müxalifətin əlinə keçdi. Ərdoğanın özü belə özünütənqidlə çıxış etdi və dedi ki, xətanı özümüzdə axtarmalıyıq. Əvvəllər iqtidarın özü müxalifətin səhvləri üzərindən hakimiyyəti əldə edirdisə, bu dəfə özləri böyük və əsas şəhərlərdə səhvlər buraxdılar və seçkini uduzdular. Amma bu bir demokratik prosesdir və fikir verirsinizsə, Türkiyədə seçkilər şəffaf olur və iqtidar heç vaxt bura müdaxilə etmir. Bəzi dedi-qodular olsa da, əksər hallarda, tərəflər bu işdən məmnun qalırlar. “Kim qazandı?” sualına “Türkiyə və demokratiya qazandı” deyə cavab verə bilərik. “Cumhur ittifaqı” 52 faiz səs topladı və bu o deməkdir ki, Ərdoğan və onun komandası bütün iqtisadi böhranlara və xarici siyasətdəki çətinliklərə baxmayaraq, hələ də güclüdür. Amma bir məsələyə diqqət yetirək ki, meqapolislər iqtisadi böhrana qarşı çox həssasdırlar və biz bunu prezident seçkilərində də görmüşdük. “Cumhur ittifaqı” Anadolu insanlarına xitab etdiyini bir daha vurğuladı. Bu ittifaq həm də HDP-nin güclü olduğu yerlərdən də özünə səs toplaya bilib. Amma müxalifət də bəlli yerlərdə qazandı və nəticə olaraq da onu deyə bilərik ki, bu seçkilərin qazananı ve məğlub olanı yoxdur. Hər halı ilə “Türkiyə qazandı” deyə bilərik. Türkiyə üçün ən önəmli məsələlərdən biri də illərlə əldə etdiyi demokratik seçki prinsiplərini itirməmək və onu qorumaqdır. Türk seçiciləri bir daha bunu göstərdi. Təşəkkür edirəm.

Söhbətləşdi: Qafqaz Ömərov
Tərcümə etdi: Aqil Bəkir

COP29

www.yenicag.az

4481
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv