TÜİB İdarə Heyəti AQTA sədri ilə GÖRÜŞDÜ – FOTOLAR
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə görüşüb.
Görüşdə TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verib. O, birliyin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və qarşıya qoyulan hədəflər barədə danışaraq, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişafında iş adamlarının roluna xüsusi diqqət çəkib. Hüseyin Büyükfırat həmçinin dövlət-özəl sektor dialoqunun gücləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə TÜİB-in fəal mövqeyini qeyd edib.
Agentliyin sədri Qoşqar Təhməzli ziyarətə görə təşəkkürünü bildirərək, TÜİB nümayəndələri ilə görüşdən məmnunluğunu ifadə edib. O, AQTA-nın fəaliyyət istiqamətləri və həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib, ərzaq təhlükəsizliyi sahəsində görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb. Təhməzli, eyni zamanda Azərbaycan–Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını vurğulayaraq, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
Görüş zamanı TÜİB-in “Körpü” layihəsi haqqında da ətraflı məlumat təqdim olunub.
Qeyd olunub ki, bu layihə Azərbaycan–Türkiyə iqtisadi əlaqələrinin genişlənməsinə, iş adamları arasında əməkdaşlıq imkanlarının artırılmasına və yeni təşəbbüslərin reallaşmasına mühüm töhfə verəcək.
Sonda Qoşqar Təhməzli TÜİB ilə əməkdaşlığa hazır olduqlarını bildirib və birgə fəaliyyətin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.