Türkiyə beynəlxalq təşkilatları Qarabağdakı “seçkiləri” boykot etməyə çağırdı

Türkiyə beynəlxalq təşkilatlara müraciət edərək, işğal altında olan Dağlıq Qarabağda keçiriləcək qanunsuz “seçkiləri” boykot etməyə çağırıb.

Yenicag.az xəbər verir ki, nazirlikdən sabah keçiriləcək seçkilərin bütün beynəlxalq hüquq normalarına zidd olduğu bildirilib.

Açıqlamada dırnaqarası seçkilərin keçirilməsi “sülhə və məsələnin həllinə istiqamətlənmiş səyləri baltalama cəhdi” olaraq dəyərləndirilib.

Açıqlamada deyilir:

“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 31 mart 2020-ci ildə keçirilməsi planlaşdırılan qondarma prezident və parlament seçkiləri Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd mövcud durumun birtərəfli olaraq qanuniləşdrilməsinə cəhdin təzahürüdür. Bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT prinsipləri daxil bütün beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə müzakirələrin davam etdiyi bir mərhələdə işğal altındakı torpaqlarda qondarma seçkilərin keçirilməsi sülhə və məsələnin həllinə istiqamətlənmiş səyləri baltalama cəhdidir. ATƏT-in MİNSK qrupu da daxil olmaqla bütün beynəlxalq aləmi bu seçkiləri tanımamağa çağırırıq.

Türkiyə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün yeniden pozulmasına gətirib çıxaracaq bu qeyri-qanuni seçkiləri tanımır. Türkiyə ATƏT-in MİNSK qrupunun bir üzvü olaraq Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi həllinin tapılması səylərini dəstəkləməyə davam edəcək”.

COP29