"Türkiyə bu gün ikinci dəfə tarix yaza bilər" - PROQNOZ
“Türkiyə yığması bu gün ikinci dəfə tarix yaza bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Mehman Süleymanov deyib.

Jurnalist bu gün keçiriləcək Kosova – Türkiyə qarşılaşmasının tarixi əhəmiyyətindən danışıb:
“Türkiyə yığması üçün bu gün həlledici sınaq olacaq. “Ay-ulduzlular” artıq 24 ildir ki, Dünya Çempionatının (DÇ) final mərhələsinin həyəcanını yaşamır. Sonuncu dəfə bu turnirdə iştirak edərkən bürünc medal qazanaraq tarix yazmışdılar. Maraqlıdır ki, indiki heyətin bir çox üzvü o vaxt heç dünyaya gəlməmişdi. Mənə görə, indiki nəsil həmin ‘qızıl nəsil’dən heç də geri qalmır. Komandanın potensialı çox yüksəkdir. Vinçentso Montellanın komandasının ən güclü rəqiblərlə belə başa-baş mübarizə apardığını görmüşük.
Kosova əslində münasib rəqibdir, amma onlara qətiyyən yuxarıdan aşağı baxmaq olmaz. Onlar kifayət qədər yaxşı heyətə malikdirlər və ən vacib məqam oyunun rəqib meydanında keçirilməsidir. Meydan və azarkeş amili rəqibin xeyrinə olsa da, Türkiyə elə bir komandadır ki, Avropanın hər yerində güclü fanat ordusuna sahibdir. Bu, qardaş ölkə milli komandasının ən böyük üstünlüklərindən biridir. Hesab edirəm ki, heyət keyfiyyətinə görə Türkiyə rəqibindən üstündür. Qələbə şansını 60/40 nisbətində “ay-ulduzlular”ın xeyrinə qiymətləndirirəm. Bir məqamı da qeyd edim ki, rəqibin liderlərindən olan 31 yaşlı Vedat Muriqi Türkiyə futboluna yaxından bələddir və bu oyunun onun üçün xüsusi önəm kəsb etdiyini gizlətmir”.
İdman şərhçisi vurğulayıb ki, Türkiyə yığmasının hazırkı heyəti vəsiqə qazanacağı təqdirdə mundialda da böyük uğura imza ata bilər:
“Hər bir türk bu il üç ölkənin (ABŞ, Kanada, Meksika) ev sahibliyi edəcəyi mundialda iştirakı arzulayır. Amma bunun üçün öncə “arxı keçmək” lazımdır. Montella mətbuat konfransında düzgün vurğuladı: hədəf hələ ki mundialdakı rəqiblər yox, məhz Kosova yığmasıdır. Komanda tamamilə axşamkı oyuna fokuslanıb.
Bu yanaşma peşəkar baxımdan doğrudur. Ümumilikdə nəzər salsaq, Türkiyə mundiala yollanacağı təqdirdə qrupdan çıxmaq şansı kifayət qədər yüksəkdir. ABŞ, Avstraliya və Paraqvayın yer aldığı qrupdan Türkiyə rahatlıqla “play-off”a yüksələ bilər. Heyət həm gənc, həm də təcrübəli liderlərdən qurulmuş mükəmməl bir ansambldır. İnanırıq ki, Türkiyə 24 illik həsrətə son qoyacaq. Yenidən medalçı olmaq çətin olsa da, hazırkı milli komanda yeni bir tarix yazmaq gücündədir”.
Nurlan Cəfəri













