!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"...Türkiyə daha çox söz sahibi olacaq" - Məşhur türk ekspert İdlib əməliyyatını şərh edir

!Reklam – Yazi

“Əməliyyatın uğurlu olması üçün fərqli ideologiyalara sahib qrupları eyni damın altına toplamaq şərtdir”.

Bu sözləri Yenicag.az-a Yaxın Şərq, təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert, “Milliyet” qəzetinin köşə yazarı və NTV kanalının şərhçisi Nihat Ali Özcan deyib.

Nihat Ali Özcan

– Öz təhlükəsizliyini təmin etmək və bəzi stratejik məqsədlərin qarşısını almaq üçün Türkiyənin Suriyaya ikinci dəfə hərbi əməliyyat təşkil etməsini necə dəyərləndirirsiniz?

– Astanada Rusiya, İran və Türkiyə arasında əldə olunan razılaşmaya əsasən, Suriyanın şimalında “hərbsizləşdirilmiş zona”nın yaradılması qarşıya məqsəd qoyulmuşdur. Türkiyə bu razılaşmanın təsdiqlədiyi səlahiyyətlərindən istifadə edərək, öz boynuna düşənləri edir. Bu, çox məşəqqətli bir əməliyyatdır. Hər şeydən əvvəl orada yaşayan 2 milyon dinc əhaliyə zərər dəyməməsi üçün bütün tədbirlər həyata keçirilməlidir. İdlibin təmizlənməsi prosesində başda Əl-Qaidənin Suriya qolu olan Əl-Nüsra olmaqla orada yerləşən terror təşkilatlarının addımlarını yaxşı analiz etmək lazımdır. Rusiya və İran artıq Suriyadakı siyasi hədəflərini yerinə yetirməyə başlayıblar. Türkiyənin İdlibdə təşkil etdiyi əməliyyatın bir məqsədi şəhəri terrorçulardan təmizləməkdirsə, digəri də Afrində PYD\YPG-nin yaratmaq istədiyi dəhlizin qarşısını almaqdır. Türkiyə orada əsaslı müharibəyə girmir. 14 nöqtədə prosesləri müşahidə edəcək, lazımi hallarda İdlibi terrorçulardan təmizləyən müxalif qüvvələrə kömək edəcək. Bu, çox qarışıq və keşməkeşli dövr olacaq.

– Suriyadakı fərqli qruplara qarşı münasibətdə Türkiyə və Rusiya arasındakı bəzi ziddiyyətlər aradan qaldırılıb?

– Əvvəla, həm İdlibdə, həm də bütün Suriya ərazisində terror təşkilatlarına qarşı mübarizə üçün ümumi bir təşkilat yaradılmalıdır. Məsələn, hal-hazırda oradakı əsas qüvvələrdən olan Rusiya Əl-Nüsranı terror təşkilatı olaraq görürsə, digər müttəfiqlər də eyni mövqeyi ortaya qoymalıdır. Uğur yalnız bu şəkildə əldə edilə bilər. Unutmamalı olduğumuz nöqtə bu işin son dərəcə mürəkkəb və çətinliyidir.

– Bəs bu prosesin sona çatması və Suriyada vəziyyətin normallaşması nə vaxta təsadüf edəcək?

– Burada bir sıra amillər var. Hərbi baxımdan bu çətin prosesin sona çatmasından sonra həm təhlükəsizlik, həm də digər ehtiyacların ödənməsi üçün addımlar atılmalı olacaq. Hal-hazırda bu bölgədə özünü ən rahat hiss edən ölkə Rusiyadır. Müəyyən məqamlarda İran da olduqca aktiv və uğurludur.

– İdlib əməliyyatının uğurla başa çatmasından sonra Türkiyə Suriyanın gələcəyinin formalaşmasında əsas aktora çevriləcək?

– Türkiyə daha əvvəl “Fərat qalxanı” əməliyyatı ilə PYD\YPG-nin Afrin ətrafında birləşmələrinin qarşısını almışdı. İdlib əməliyyatında da Türkiyənin məsuliyyəti çox böyükdür, ancaq ölkəmizin bu prosesdən də layiqincə çıxacağına inanıram. Hal-hazırda bu sualınıza cavab vermək çox çətindir. Təbii ki, Türkiyə əməliyyatlarda uğurlu olarsa masa ətrafındakı danışıqlarda da daha çox söz sahibi olacaq. Ancaq dediyim kimi, bu qarışıq dövr çox yaxşı idarə edilməlidir. Türkiyənin Suriya probleminin həllində aktiv şəkildə iştirakının mütləq müsbət nəticələri olacaq.

– Türkiyənin müdaxiləsi PYD\YPG terror təşkilatının bölgədən çəkilməsinə səbəb olacaq. Suriyada siyasi həll əldə olunduqdan sonra terror təşkilatları şimaldan yenə də Türkiyəni narahat etməyə davam edəcəkmi?

– ABŞ-ın məsələlərə münasibəti əhəmiyyətli rol oynayacaq. Siyasi həldən sonra ABŞ yenə PKK-nı maşa olaraq istifadə etməyə davam edərsə, problemlər bitməyəcək. Yox əgər, ABŞ terrorçuları Rakkadan təmizlədikdən sonra Suriyanı tərk edərsə, ola bilsin ki, Dəməşq şimaldakı kürd bölgələrinə bəzi haqlar verə bilər. Ancaq bu hüquqların muxtariyyət səviyyəsinə qalxacağına inanmıram. Buna görə də İdlib əməliyyatının Türkiyənin daxilində də böyük əhəmiyyətə malik olduğunu bir daha vurğulamaq lazımdır.

COP29

www.yenicag.az

3109
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv