Yaxın Şərq turnesinə çıxan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı kralı, Qətər və Küveyt əmirləri ilə müzakirələr aparacaq.
Yenicag.ru-nun yazdığına görə, səfərə Səudiyyə Ərəbistanından başlayan prezident Ərdoğan bu ölkənin kralı Salman bin Əbdüləzimlə görüşüb.
Məlum olduğu kimi, hazırda Yaxın Şərqdə regionun nüfuzlu dövlətlərinin iştirakı ilə müzakirəsinə və həllinə ehtiyac duyulan müəyyən problemlər yaranıb. Onların arasında Suriya münaqişəsi, Qətər böhranı, Əl-Aksa məscidi ilə bağlı gərginlik və digərlərini göstərmək olar.
Son dövrlərdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin korlandığı müşahidə olunur və Ankara ilə Ər-Riyad tərəfindən qarşılıqlı ittihamlar səsləndirilir. Əgər əvvəllər bu iki ölkə Yaxın Şərq məsələlərinə münasibətdə eyni mövqedə dayanırdılarsa, Donald Trampın ABŞ prezidenti seçilməsindən və İran əleyhinə sərt kurs götürməsindən sonra vəziyyət dəyişib.
ABŞ-ın yeni rəhbərliyi ölkənin Yaxın Şərq siyasətində ciddi korrektələr olacağı vədini versə də, müəyyən dəyişikliklərlə “Obama işi”ni davam etdirir. Bu çərçivədə söhbət xüsusilə Vaşinqtonun kürdləri dəstəkləməsindən gedir. Türkiyənin müttəfiqi olan Səudiyyə Ərəbistanının bu məsələdə ABŞ-ın mövqeyini dəstəkləməsi Ankaranı qıcıqlandırmaya bilməz. Digər tərəfdən, Türkiyə açıq formada Qətərin tərəfini saxladı və o ölkəyə 5 min nəfərlik hərbi kontingent göndərərək, Dohanın “qurdlara yem olmasına” imkan vermədi.
Türkiyə və Səudiyyə liderlərinin görüşü haqqında məlum olan yeganə detal müzakirələrin bağlı qapılar arxasında aparılmasıdır. Ancaq ehtimal etmək olar ki, Türkiyə prezidenti ilə Səudiyyə kralının görüşündə Qətər böhranı da müzakirə olunub. Ərdoğanın Dohaya səfərinin planlaşdırıldığını nəzərə alsaq, Türkiyənin ərəb ölkələri arasında barışıq üçün vasitəçiliyi üzərinə götürdüyü, bununla da “ərəb qarşıdurması”nın fövqünə qalxdığını söyləmək mümkündür.
Ərdoğanın Səudiyyə ilə Qətər arasında vasitəçilik edən Küveytə səfərinin də nəzərdə tutulduğu xüsusi vurğulanmalıdır. Böyük ehtimalla, Küveyt əmirinin vasitəçiliyi ilə Səudiyyə kralı və Qətər əmiri arasında Ankarada, yaxud da Əl-Küveytdə görüş keçiriləcək – əks halda, ərəb dünyasındakı problemləri həll etmək mümkün olmayacaq.
Qətər böhranı yaxın Şərqin əsas problemi deyil – onlardan biridir. Regionda cərəyan edən proseslərin xarakterinə baxsaq, Qətər böhranı onların ən “yumşaq” məsələləri sırasındadır. Bütün hallarda körfəz ölkələri arasında problemlərin həll olunması regionda gərginliyin aradan qalxmasına imkan vermir.
Ərdoğan bu məsələdə moderatorluğu üzərinə götürməyə çalışır və bu, qeyri-ərəb Türkiyəni körfəzdəki ərəb monarxiyaları arasında ən nüfuzlu ölkəyə çevirir. O baxımdan, son hərbi çevrilişdən sonra Sisinin hakimiyyətə gəlişi ilə münasibətləri korlanan Türkiyə ilə Misir arasında müəyyən yaxınlaşma da bu siyasi xəttə xidmət edir.
Türkiyə ərəb dünyasındakı konfliktləri həll etmək niyyətindədir. Digər tərəfdən, ərəb ölkələrinin əksəriyyətinin İrana neqativ münasibətini nəzərə alsaq, o zaman Tehranla sıx işgüzar əlaqələri olan Ankara ərəb dünyasının təzyiqi altında bu münasibətlərə yenidən baxa bilər.
www.yenicag.az