Türkiyə-Ermənistan görüşü: “Ankara üçün əsas məsələ Azərbaycanın milli maraqlarıdır”

“Vətən Müharibəsindən sonra regionda əməkdaşlıq və münasibətlərin daha da yaxınlaşması müstəvisində bir sıra mühüm addımlar atıldı”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq İlyas Hüseynov deyib.

Siyasi təhlilçi Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı qurulmuş komissiyanın üzvləri olan Serdar Kılıçla Ruben Rubinyanın sabah “Marqara” sərhəd-keçid məntəqəsində baş tutması gözlənilən görüşündən söz açıb.
Onun sözlərinə görə, burada nəinki Azərbaycanla Ermənistan, eləcə də Türkiyə ilə Ermənistan arasında bir sıra dialoq formatları formalaşdı:

“Bu xüsusda qeyd etməliyik ki, Türkiyə tərəfindən, bu ölkənin ABŞ-dəki keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlament sədrinin müavini Ruben Rubinyan arasında bir görüş platforması formalaşdı. Artıq tərəflər Moskva və Vyanada mühüm görüşlrə keçiriblər”.

Mütəxəssisin fikrincə, hazırda İrəvan və Ankara arasında əsas müzakirə mövzusu Araz çayı üzərində yerləşən “Marqara” sərhəd-keçid məntəqəsinin açılması məsələdir.
“Yeri gəlmişkən, bu yaxınlarda məzuniyyətdə olmasına baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan da həmin bölgəyə səfər etmiş və hazırlıq işləri ilə tanış olmuşdu. Eyni zamanda, böyük ehtimalla, Türkiyə və Ermənistan arasındakı nümayəndə heyətlərinin görüşü münasibətlərə dinamiklik qatacaq”, – deyə o bildirib.

“Lakin Türkiyə üçün burada əsas məsələ Azərbaycanın milli maraqlarıdır. Biz qardaş Türkiyənin mühüm prinsipial mövqeyini həm 30 illik dövründə, həm İkinci Qarabağ müharibəsində, həm də post-müharibə reallıqlarında görürdük. Burada əsas məsələ isə Azərbaycanın milli mənafelərinin qorunması və onun tələblərinin yerinə yetirilməsidir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından sonra Türkiyə-Ermənistan yaxınlaşmasıdır”, – əlavə edib.
Politoloqun qənaətinə görə, istənilən halda, bu dialoqun baş verməsi regionda buzların əriməsinə, münasibətlərin daha da etimad ruhuna köklənməsinə gətirib çıxara bilər:

“Biz də bu baxımdan, görüşü çox diqqətlə izləyəcəyik. Digər tərəfdən, Ermənistan da buna çalışır ki, Azərbaycanla məsələlər yarımçıq qalmaqla, Türkiyə- Ermənistan münasibətləri isti mərhələyə keçsin, sərhədlər açılsın, diplomatik münasibətlər bərqərar olsun. Lakin bunu edə bilməyəcəklər. Ona görə ki Bakı və Ankaranın bir çox məsələlərdə, eləcə də regional və qlobal problematikada mövqeləri üst-üstə düşür. Məhz buna görə də Ermənistanın boşuna ümidlənməyi yersizdir”.

Rafi Müslümov

COP29