Türkiyə ilə İran anlaşdı: Hədəfdə PJAK var?
Türkiyə PKK terror təşkilatının İrana silahlı qüvvə, silah və sursat ötürmə cəhdləri ilə bağlı ötən ildən bəri Tehrana gündəlik kəşfiyyat məlumatları təqdim edir.
Yenicag.az xəbər verir ki, bu məlumatlar əsasında İran təhlükəsizlik qüvvələri PKK-nın İran qolu olan PJAK-ya qarşı əməliyyatlar keçirib və böyük terrorçu qrupu zərərsizləşdirib.
Qeyd edək ki, İranda etirazların genişləndiyi bir dövrdə PJAK-nın ölkə daxilində aktivləşməsi və strateji bölgələrdə mövqe tutması diqqət çəkir.
Yaxın Şərq üzrə müharibə müxbiri Eliyah Maqnayr Türkiyə ilə İran arasında terrorla mübarizədə qurulan real vaxtlı kəşfiyyat əməkdaşlığının nəticə verdiyini, PJAK-nın İraqdan İrana sızma cəhdinin bu yolla qarşısının alındığını bildirib. Onun sözlərinə görə, Türkiyənin ötürdüyü məlumatlar əsasında İran İnqilabı Keşikçiləri Korpusu Elam və Kirmanşah bölgələrində əməliyyatlar aparıb.
Milli Müdafiə naziri Yaşar Gülər də PKK-nın silahı yerə qoyduğunu bəyan etməsinə baxmayaraq, İraqın şimalından İrana terrorçu və silah ötürməyə çalışdığını, Türkiyənin isə bu hərəkətləri mütəmadi olaraq İran tərəfinə bildirdiyini açıqlayıb.
Ehtiyatda olan admiral Cihat Yaycı PJAK üzvlərinin xüsusilə İran türklərinin yaşadığı həssas bölgələrdə, o cümlədən Urmiya şəhərində yerləşdirildiyini qeyd edərək bunun təhlükəsizlik və demoqrafik risklər yaratdığını vurğulayıb.
Təhlükəsizlik və terror üzrə ekspert Güngör Yavuzarslan isə İranda davam edən etirazların avtomatik olaraq rejim dəyişikliyinə gətirməyəcəyini bildirib. Onun fikrincə, etirazların səbəbləri, əsasən, iqtisadi və sosial xarakter daşıyır və ölkə əhalisinin əhəmiyyətli hissəsi hələ də mövcud rejimi dəstəkləyir.
Amir Aqiloğlu












