Türkiyə-İran sərhədində miqrasiya HƏYƏCANI: "Ankara ən pis ssenariyə HAZIRDIR"
“ABŞ Prezidenti Donald Trampın verdiyi açıqlamalar və Türkiyənin vasitəçilik rolu nəticəsində hazırda böhran qismən dondurulmuş vəziyyətdədir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında “Ülke TV”nin baş redaktoru, siyasi şərhçi Həsən Öztürk deyib.
O, İranda baş verən son aksiyalar fonunda Türkiyəyə yönələ biləcək mümkün köç axını və Ankaranın bu istiqamətdəki strateji planları barədə danışıb:
“İranda baş verən hadisələrdən sonra Türkiyəyə kütləvi və ya fövqəladə miqrasiya müşahidə olunmadı. Çünki Türkiyə əvvəlcədən bütün lazımi hazırlıqları görmüşdü. Hazırkı mərhələdə ABŞ-nin birbaşa hərbi müdaxiləsi ehtimalı az görünür və bu da daha stabil mühit formalaşdırıb”.
Siyasi şərhçi İranda vəziyyətin tədricən normallaşacağı ilə bağlı müsbət ehtimalların olduğunu bildirib:
“Bu qənaət Türkiyə Xarici İşlər Nazirliyinin təqdim etdiyi brifinq əsasında formalaşıb. Yaxın dövrdə İrandan Türkiyəyə böyük miqrasiya axınının olacağını gözləmirik. Lakin hər ehtimala qarşı, belə bir fors-major vəziyyət yaranarsa, Türkiyənin buna həm texniki, həm də siyasi cəhətdən tam hazır olduğunu qeyd etməliyik”.
Nəsimi Ələsgərli












