Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs verib.
Bu barədə Yeniçağ.Az Türkiyə mediyasına istinadən məlumat verir.
Bu gün İstanbulda referendumda səs verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki: “Bu sıradan bir səsvermə, referendum deyil. Bu referendum Türkiyə cümhuriyyətində yeni idarəetmə üsulunu müəyyənləşdirəcək”.
Rəcəb Tayyib Ərdoğan deyib ki, yeni idarəetmə sistemi Türkiyənin daha sürətlə inkişaf etməsinə yol açacaq: “İnanıram ki, xalqımız lazımi seçimini edəcək, gələcəyə doğru inamla addımlayacaq. Seçkilərdə aktivliyin yüksək səviyyədə olacağını gözləyirəm”.
Qeyd edək ki, daha əvvəl Türkiyənin baş naziri Binali Yıldırım və digər rəsmi şəxslər səs veriblər.
Səsvermə prosesi Türkiyənin şərq vilayətlərində yerli vaxtla saat 07:00-da, qalan vilayətlərdə 08:00-da başlayıb.
Məntəqələr müvafiq olaraq saat 16:00 və 17:00-da bağlanacaq.
Ölkənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda 55 milyona yaxın seçiçi iştirak edəcək.
Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib.
Yeniçağ.Az
www.yenicag.az