Türkiyənin tanınmış jurnalistləri “Yeni Çağ”ı ziyarət etdilər – FOTOLAR

Azərbaycana gələn Türkiyənin bir qrup nüfuzlu jurnalistləri “Yeni Çağ” Media Qrupunun qonağı olub.

Yenicag.az xəbər verir ki, Anadolu Yayımçılar Dərnəyinin (AYD) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı, Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) ilə Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) dəstəyi ilə Azərbaycanda olan mətbuat nümayəndələri “Yeni Çağ” redaksiyasını ziyarət ediblər.

Türkiyədən gələn jurnalistlərin ilk qrupuna daxil olan AYD başqanı Sinan Burhan, “Sabah” qəzetindən Hilal Kaplan, “Təqvim” qəzetindən Əkrəm Qızıltaş, internethaber.com-dan Hadi Özişıq, “Kanal D”dən Ərcan Gürsəs və “Yeni Akit” qəzetindən Hacı Yakışıklı Azərbaycanın apardığı əks-hücum əməliyyatlarını və Ermənistanın törətdiyi müharibə cinayətlərini dəyərləndiriblər.

“Təqvim” qəzetinin köşə yazarı Əkrəm Qızıltaş Azərbaycanın bu hərbi əməliyyatlar nəticəsində öz ərazi bütövlüyünü bərpa edəcəyini vurğulayıb.

“Yeni Akit” qəzetinin yazarı Hacı Yakışıklı paytaxt Bakının hər tərəfində Azərbaycan və Türkiyə bayraqlarının yanaşı asıldığını və insanların bu iki bayraq arasında heç bir fərq qoymadığını qeyd edib.