Türkiyənin vasitəçilik ÖNƏMİ – İrəvan Ankaradan NƏ İSTƏYİB?
“Ermənistan sülh istəyirsə, bunun üçün Azərbaycanın tələblərini yerinə yetirən real addımlar atmalıdır, əks halda sülh mümkün deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə səfərindən sonra beynəlxalq medianın “Paşinyan sülh danışıqlarında Türkiyənin iştirakını istəyir” iddiasını şərh edib.
Millət vəkili qeyd edib ki, Ermənistan həm də Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışır:
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə səfəri mühüm hadisə kimi qiymətləndirilməli və vacib hadisə kimi baxılmalıdır. Nəhayət ki, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının vaxtı çatıb. Bu, əslində, çoxdan baş verməli, münasibətlər normalllaşmalı idi, amma Ermənistan ucbatından bu günə kimi baş vermədi”.
C. Məmmədov Ermənistanın sülh müqaviləsinin şərtlərinə əməl edilməsinin vacibliyini bir daha Ermənistanın diqqətinə çatdırıb:
“Görünür ki, Paşinyanın Türkiyə səfərinin əsas hədəf və məqsədi Azərbaycan və Türkiyə ilə sülhə nail olmaqdır və Paşinyan bilir ki, Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir. Görünən odur ki, Paşinyan Türkiyə Prezidentindən sülh müqaviləsində iştirak xahişi edib. Burada mühüm məqam ondan ibarətdir ki, Türkiyə bu prosesdə vasitəçi ola bilər. Burada əsas məsuliyyəti Ermənistan daşıyır. Əsas odur ki, Ermənistan sülhə razı olsun. Hələ ki bizim gördüyümüz odur ki, Ermənistan razı deyil, buna görə də proses uzanır. Əgər Ermənistan sülh istəyirsə, Azərbaycanın şərtlərini yerinə yetirməlidir və bu şərtləri yerinə yetirdikdən sonra sülh müqaviləsi imzalana bilər. Əks təqdirdə isə bu, mümkün deyil. Məhz buna görə Ermənistan bunu nəzərə alıb münasibətləri normallaşdırmaq üçün real addımlar atmalıdır, bunu etmədən sülh mümkün deyil”.
Nurlan Cəfəri