Üç gün əvvəl alınan avtomobil yandı
Bakıda bir neçə gün əvvəl alınmış avtomobil yanıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Mirzağa Əliyev və Kiçik Dəniz küçələrinin kəsişməsində baş verib. Nakxal Əşrəf Cuda oğluna məxsus “Mitsubishi Pajero” markalı avtomobil qəflətən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi rayon hissəsinin üç yanğınsöndürmə briqadası cəlb edilib. Yanan maşın söndürülüb. Avtomobilin mühərrik hissəsi yansa da, alovun salona keçməsinin qarşısı alınıb.
Maşın sahibi Əşrəf Nakxal APA TV-yə açıqlmasında bildirib ki, maşını Birləşmiş Ərəb Əmirliklərindən alıb və Bakıya cəmi üç gün əvvəl gətirib. Amma maşını doyunca sürmədən başına iş gəlib. Əşrəf Nakxal maşını Milli Konservatoriyanın yanında saxlayıbmış. Bir qədər sonra maşın öz-özünə alışıb. Avtomobil sahibi özü də hadisəyə nəyin səbəb olduğunu bilmir.
Hadisə ilə bağlı araşdırma aparılır.