Üç ildir davam edən Rusiya-Ukrayna müharibəsi: "Müharibə şiddətlənir"
“Rusiya-Ukrayna müharibəsi sürünən mərhələdən şiddətli mərhələyə qədəm qoyub”
Bu fikri Rusiyanın Ukraynada bütün cəbhə xətti boyu hücuma keçməsini Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov bildirib.
Onun sözlərinə görə, Rusiya müharibəni qısa zamanda bitirmək niyyətindədir:
“Rusiya genişmiqyaslı hücumlara hazırlaşırdı. Havaların isti keçməsi bu əməliyyatları həyata keçirməyə imkan verir, çünki yaz, payız və qış aylarında yağışlar və bataqlıqlar hücum əməliyyatlarını çətinləşdirirdi. Avqust ayının seçilməsi təsadüfi deyil.
Dünən Ukrayna tərəfi də rəsmən bildirdi ki, bütün cəbhə boyu rusların hücumu başlayıb. Bu hücuma həm böyük canlı qüvvə, hərbi texnika, həm də aviasiya vasitələri cəlb edilib. Rusların əsas hədəfi Sumı və Pakrovsk şəhərlərini ələ keçirməkdir. Sumı sərhədə yaxın olduğu üçün strateji baxımdan vacibdir, Pakrovsk isə əhəmiyyətli bir hərbi nöqtədir. Ukrayna tərəfi ciddi müqavimət göstərir və bəzən yaşayış məntəqələri tez-tez əl dəyişir.
Rusiya qısa zamanda müharibənin taleyini həll etmək istəyir. Buna görə də böyük qüvvə ilə hücuma keçib və eyni zamanda Zelenskinin hakimiyyətdən getməsi üçün addımlar atır. Qərb ölkələri mütəmadi olaraq yardım göstərəcəyini bəyan edir, lakin bu yardımlar daha çox hava hücumundan müdafiə vasitələri ilə məhdudlaşır. Ukraynaya isə sahə əməliyyatlarında da yardım lazımdır. Qərb ölkələri indiki məqamda daha aktiv şəkildə Ukraynanı müdafiə etməlidir. Əks təqdirdə, Ukrayna üçün vəziyyət ağırlaşa bilər.
Ukrayna isə yalnız müdafiə etməklə kifayətlənmir. Dronlar vasitəsilə Rusiyanın böyük şəhərlərinə və sənaye müəssisələrinə zərbələr endirir. Bu da göstərir ki, müharibə sürünən mərhələdən şiddətli mərhələyə keçib.”
Səxavət Məmməd