Ukrayna Krımdan ƏL ÇƏKƏRSƏ: “O, həm iqtidarını, həm də həyatını itirə bilər”
“Zelenski Krımdan əl çəksə, bu onun karyerasına və həyatına təhlükə yarada bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında uzun illər Rusiyada yaşamış politoloq, siyasi şərhçi Fuad Abbasov bildirib.
Analitik Trampın Zelenski ilə təkbətək görüşdən sonra Ukraynanın Krımdan əl çəkməsinin mümkün olduğunu bildirməsini şərh edərək bunun Ukrayna üçün bir neçə səbəbləri ola biləcəyini düşünür:
“Trampın başlıca məqsədi prezident seçilməmişdən öncə verdiyi vədi tutaraq müharibəni 24 saat ərzində bitirmək arzusu idi. Çox təəssüf olsun ki, 100 gün keçməsinə baxmayaraq Tramp prezidentlik dönəmində hələ də müharibəni bitirmək gündəmdə deyil. Bunun üçün Tramp həm Rusiyaya, həm də Ukraynaya təzyiq göstərərək müxtəlif metodlarla müharibəni saxlamağa çalışır. Zelenski artıq həm Qərbin, həm də Amerikanın dəstəyini də itirmək üzrədir. Belə olduğu təqdirdə, o, hər cür qərar verə bilər. Bunlardan biri də Krımdan əl çəkmək mövzusudur. Zelenski Krımdan imtina etsə də, tamamilə Krımın Rusiyaya təhvil verilməsi kimi deyil, müvəqqəti olaraq de-fakto Rusiyanın ərazisi, de-yure Ukrayna ərazisi qalmaq şərti ilə Zelenski bu təklifi qəbul edə bilər. Əlbəttə ki, Tramp əsrarəngiz açıqlamalı ilə məşhur liderdir. Lakin Krımdan imtina etmək üçün Zelenskinin bir çox səbəbi ola bilər. Ən başlıca səbəb müharibənin uzun müddət davam etməsi və hər iki tərəfin çox sayda itkilər verməsi ola bilər”.
Politoloq hesab edir ki, Zelenski Krımdan əl çəksə, bu onun həyatına və karyerasına təhlükə yarada bilər:
“Krımdan imtina edəcəyi təqdirdə Zelenskinin daxili siyasətdə çox çətin məqamlar yaşaya bilər. Zelenskinin Krımdan əl çəkməsi çox böyük siyasi riskdir. O, həm iqtidarını, həm də həyatını itirə bilər. Çünki yüz minlərlə qanın töküldüyü müharibəni Krımı verməklə nəticələndirmək qərarı çox ciddi bir qərardır. Görünən odur ki, Zelenskinin arxasından Putin və Tramp Krım məsələsini öz aralarında həll ediblər. Tramp isə indi həm Ukraynanın, həm də dünya ictimaiyyətinin nəbzini yoxlamaq üçün belə açıqlamalar verir. Zelenski də çox yaxşı başa düşür ki, nə bu müharibədə, nə də gələcək müharibədə Rusiya ilə savaş apararaq hərbi yolla Krımı geri ala bilməyəcək”.
“Bəlkə də Ukraynanın daha çox parçalanmasının qarşısını almaq üçün və ya Ukraynanın Qərb və Amerikanın əvvəlki kimi yardım etməməsini göz önünə alaraq Zelenski bu və ya digər səbəbləri daxili auditoriyaya çatdıraraq Krımdan imtina edə bilər. Ən başlıca şərtinin isə Krımın müvəqqəti olaraq Rusiyada qalması ola bilər. Əgər Tramp Rusiya ilə anlaşaraq Krımın Rusiya ərazisi olmasını qəbul etsə, ABŞ-nin bu addımını bir çox dünya dövlətləri təkrarlamaq məcburiyyətində qalacaq və beləcə dünya dövlətləri iki yerə ayrılacaq: Krımı Rusiya ərazisi kimi tanıyan və tanımayanlar”, – deyə o, fikirlərini tamamlayıb.