Ukrayna Krımı VERƏCƏK? – “Bu təklif ədalətsiz və gülüncdür”
“Bu plan “təslim olmaq” kimi bir şeydir. ABŞ həmçinin belə yanaşma ilə beynəlxalq liderliyini də itirə bilər”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya və Ukrayna arasındakı münaqişədə ABŞ-nin Krımı tanımasının mümkün nəticələrindən danışan təhlükəsizlik üzrə ekspert Aron Qarş deyib.
O, bildirib ki, əgər ABŞ prezidenti Donald Tramp Krımı tanısa, ən çox itirən Ukrayna və yenə də elə ABŞ özü olacaq:
“Ukrayna, ABŞ və Avropa rəsmiləri Rusiyanın Krımı qeyri-qanuni ilhaqının tanınmasını ehtiva edən sülh planını müzakirə etdikləri bir vaxtda bu addım beynəlxalq hüququ pozacaq və gələcək qlobal münaqişələrə zəmin yaradacaq. Eyni zamanda bu plan “təslim olmaq” kimi bir şeydir. ABŞ həmçinin belə yanaşma ilə beynəlxalq liderliyini də itirə bilər”.
“Ekspertlər və hüquqşünaslar Krımın ilhaqının tanınmasının beynəlxalq hüquqa zidd olduğunu vurğulayırlar. 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi BMT tərəfindən qeyri-qanuni hesab edildi. Bu tanınma digər avtoritar rejimlərə də işğalçılıqla mükafatlandırılacaqları mesajını verə bilər. Nəticə isə yalnız Ukrayna üçün deyil, Venesuela, Mərakeş, Ruanda kimi digər münaqişəli regionlar üçün də təhlükəli presedent yaradar”, – deyə o, əlavə edib.
Mütəxəssis söyləyib ki, Donald Trampın təklifi əvvəlki mövqelərlə ziddiyyət təşkil edir və Rusiyaya güzəşt kimi qiymətləndirili:
“Onun planı ABŞ-nin əvvəlki administrasiyalarının və beynəlxalq ictimaiyyətin mövqeyindən kəskin şəkildə fərqlənir. Həmin təklif Ukraynanın NATO-ya üzvlüyünə mane olmaqla və Krımı Rusiyaya güzəştə getməklə, Rusiya prezidenti Vladimir Putini mükafatlandırır, Ukraynanı isə açıq şəkildə zəif duruma salır. Ukrayna prezidenti Volodimir Zelenskinin partiyasından olan deputat Oleksandr Merejko isə bu təklifi ədalətsiz və gülünc adlandıraraq, Trampın zəif və qeyri-ciddi göründüyünü bildirib”.
“Ukrayna cəmiyyəti və rəhbərliyi Krımın Rusiyaya verilməsinə qarşıdır. Ukrayna Konstitusiyasına əsasən, ərazi dəyişikliyi yalnız ümumxalq referendumu ilə mümkündür. İndiki şəraitdə bu cür qərarın qəbul edilməsi real deyil. Xalq arasında aparılan sorğular da göstərir ki, ukraynalıların böyük əksəriyyəti Krımdan imtina etmək istəmir. Krım tatarlarının liderlərindən Nəriman Ceylalın da dediyinə görə, xalq yalnız Krımın azad olunacağına dair ümidlə yaşamaqdadır. Ukraynanın Baş nazirinin birinci müavini Yuliya Svırıdenko isə bildirib ki, xalq sülh adı altında Krımın işğalını heç vaxt qəbul etməyəcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli