!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada NATO/Aİ MİSSİYASI: “Rusiya üçün bu, “qırmızı xətt” kimi qəbul edilir”

!Reklam – Yazi

“Ukrayna-Rusiya müharibəsinin səbəblərini diqqətlə araşdırsaq, görərik ki, münaqişənin əsas köklərindən biri NATO ilə bağlı məsələlərdir. Rusiya bu müharibəni ona görə başlatdı ki, NATO artıq Rusiyanın ətrafındakı ölkələrdə möhkəmlənir və öz mövcudluğunu təmin edir. Bu isə Rusiyanın təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Münaqişənin əsas səbəblərindən biri də məhz budur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili “The Daily Mail” nəşri tərəfindən Rusiyanın NATO/Aİ sülhməramlılarının Ukraynada yerləşdirilməsi təklifini rədd etməsi ilə bağlı yayılan informasiyaları şərh edib.

Xatırladaq ki, qəzetin verdiyi məlumata görə, Moskva bu cür vəziyyətin nəzarətsiz eskalasiyaya səbəb olacağını bildirib. Bundan əlavə, nəşrin mənbələri iddia ediblər ki, Rusiya anlaşmada bunun olacağı təqdirdə, bütün təzyiqlərə baxmayaraq, “xüsusi hərbi əməliyyatlar”a davam edəcəyini bildirib.

Prosesləri şərh edən C. Məmmədovun fikrincə isə Rusiya üçün bu, “qırmızı xətt” kimi qəbul edilir və ölkə milyardlarla vəsait xərcləyərək bu günə qədər müharibəni davam etdirir:

“Belə bir vəziyyətdə Rusiyanın bu məsələyə razılaşma ehtimalı çox azdır. Çünki bu razılaşma Rusiyanın müharibəni mənasız yerə apardığını qəbul etmək demək olar və bu da hazırda mümkün görünmür. Əslində, həm Rusiya, həm də Ukraynanın müharibədən tükəndiyi aydın şəkildə görünür. Hər iki ölkə bu münaqişədən ciddi əziyyət çəkib və yorulub. Digər tərəfdən, Avropa və Qərbin Ukraynanı sülh razılaşmasına məcbur etməyə çalışması reallıqdır. Bu kontekstdə bəzi suallar yaranır”.

“Məsələn, son günlər Donald Tramp bu məsələlərə toxunur, həm Ukraynaya, həm də Rusiyaya müəyyən xəbərdarlıqlar edir. Tramp daha əvvəl vəd etmişdi ki, bu münaqişəni qısa müddətdə həll edəcək. Məlum olduğu kimi, hazırda Rusiya və ABŞ rəsmiləri arasında danışıqlar gedir, lakin detallar açıqlanmır. Təbii ki, bu danışıqlarda Ukraynanın mövqeyi də nəzərə alınır və müəyyən müzakirələr aparılır”, – deyə o, əlavə edib.

Deputat yekunda onu da vurğulayıb ki, münaqişənin qısa zamanda bitməsi arzuolunan və vacibdir:

“Çünki münaqişənin davam etməsi regionumuz və dünya üçün ciddi təhdidlər və risklər yaradır. Hər kəs bu prosesdə öz maraqlarını təmin etməyə çalışır və bunun üçün müəyyən addımların atıldığı müşahidə olunur. Bununla belə, bu problemin həlli asan olmayacaq. Gələcəkdə bu reallıqları nəzərə almaq və mövcud çətinlikləri aşmaq zəruridir”.

Rafi Müslümov

www.yenicag.az

101
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv