Ukraynada silah ÇATIŞMAZLIĞI – “Qərb yardımları lazımı sayda verməsə...”
“Qərb yardımları lazımı sayda verməsə, Ukrayna və Qərbin masada əli zəif olacaq”.
Bu sözləri Qərbin Ukraynaya silah yardımı edəcəyi barədə iddiaları Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
O, bildirib ki, Ukraynanın ciddi hava hücumundan müdafiə və digər silahlara ehtiyacı var:
“Ukrayna dronlarla daha çox ön plana çıxır, ancaq dronlar müharibənin taleyini həll edə bilməz. Ukrayna tərəfindən açıq şəkildə bildirilir ki, hava hücumundan müdafiə sistemləri ilə bağlı problemlər yaşayır. Bunu Ukrayna tərəfi etiraf etməsə də, sahədə baş verənlərdən bunu aydın görmək olur. Ukrayna tərəfinin hava hücumundan müdafiə sistemlərindəki problemləri görən Rusiya tərəfi dron və raket zərbələrinin sayını rekord həddə çatdırıb. Qərb də etiraf edir ki, son zamanlar Rusiya ordusu kəskin hücumlar həyata keçirir. Sülhlə bağlı da atılan addımlar heç bir nəticə vermədi”.
Onun sözlərinə görə, Rusiya tərəfi bütün cəbhə boyu hücumlarının kəsərini artırıb:
“Belə məqamda Qərb Ukrayna tərəfinin hava hücumundan müdafiə sistemləri, orta və uzaq mənzilli raketlərlə təmin edə bilməsə, Ukrayna tərəfinin müqavimət əzmi qırıla bilər. Düşünürəm ki, Qərb də bunu görür və ona görə də silah yardımı etməyə qərar veriblər. Qərb silah yardımını daim edir, ancaq bu verilən silahlar Ukrayna ordusunun istədiyi sayda olmur. Əgər Qərb nəticə istəyirsə, Rusiyanı dayandırmaq istəyirsə, lazımi sayda tədarükü həyata keçirməlidir”.
“Rusiya ordusu Ukrayna cəbhəsində konkret nəticələr əldə etmək üçün hücumlar həyata keçir. Bu, o anlama gəlir ki, ruslar qısa zamanda məsələni bitirmək niyyətindədir. Hesab edirəm ki, Qərb kəşfiyyatı da bunu bilir. Müharibənin bir müddət də davam edəcəyi gözlənilir. Əgər Qərb yardımları lazımı sayda verməsə, Ukrayna və Qərbin masada əli zəif olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd