Ukraynada "təslim olma" çağırışları yüksəlir: "Putinə güzəştə getməməliyik"
“Ukraynaya ya tam atəşkəs lazımdır, ya da ümumiyyətlə, atəşkəs olmamalıdır”.
Yenicag.az xəbər verir ki, bunu hərbi ekspert Valentin Badrak deyib.
O, Rusiya-Ukrayna müharibəsində atəşkəs məsələsindən danışıb.
Hərbi ekspertin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatları yalnız çətinliklə üzləşdiyi sahələrdə dayandırmağa çalışır:
“Bizə ya tam atəşkəs lazımdır, ya da heç. Çünki Putin yalnız onun üçün çətin olan yerdə atəşkəs istəyir. Ukrayna hər gün hücumlar nəticəsində itkilər verir. Bu, son dərəcə ağrılıdır.
Strateji baxımdan Ukrayna Rusiya ərazisindəki hərbi obyektlərə zərbələri dayandırmamalıdır. Düşmənin planlarının qarşısını almaq üçün bu zərbələr vacibdir. Biz basmalıyıq, vurmalıyıq, çünki böyük ərazidə heç nə gizlədə bilməzlər. Rusiyanın hava və raket əleyhinə müdafiəsi bütün ölkə ərazisində effektiv deyil. Yalnız Moskva vilayətində sistem güclüdür. Bu da sovet dövründən qalan ənənədir.
Gələcəkdə Ukrayna Silahlı Qüvvələri ballistik imkanlar sayəsində Moskvaya da çata biləcək. Müharibədə dözümlü olmaq vacibdir. Bizim gücümüz dözümlülükdədir. Əgər məqsədimiz sadəcə döyüşləri ləngitmək yox, düşməni uzun müddət aqressiyadan çəkindirməkdirsə, biz davam etməli və Putinə güzəştə getməməliyik”.
Nəsimi Ələsgərli