Ukraynadakı müharibənin Avropaya sıçrama EHTİMALI: "Moskva bəzən sərt açıqlamalar verməklə..."
“Rusiyanın hazırkı məqsədi Avropaya hücum deyil, qlobal miqyasda zəifləmiş təsir dairələrini bərpa etməkdir”.
Bunu Rusiya-Ukrayna müharibəsi fonunda Avropada münaqişə ehtimalından danışan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Politoloq bildirib ki, Avropada strateji istiqamətdə müzakirə edilən mövzuların biri Rusiyanın hücumu ilə bağlıdır.
“Rusiyanın özündən gələn bəzi reaksiyalar Avropadan yayılan proqnozların nə dərəcədə əsaslı olması barədə düşünməyə səbəb olur. Avropa ölkələrinin marağı ondan ibarətdir ki, Ukrayna müharibəsinin Avropa–Rusiya qarşıdurmasını daha da dərinləşdirdiyini göstərsinlər və ictimai rəyi müharibənin sona qədər davam etməli olduğuna inandırsınlar.
Rusiya tərəfinin maraqları isə başqa istiqamətdədir. Moskva bəzən sərt açıqlamalar verməklə Avropa ilə müharibəyə hazır olduğu görüntüsü yaradır. Bununla Avropa cəmiyyətlərini öz hökumətlərinə təzyiq göstərməyə, təhlükədən qorunmaq üçün Ukraynada geri çəkilməyə sövq etməyə çalışır. Yəni həm Avropa ölkələri, həm də Rusiya gələcəkdə mümkün Rusiya–Avropa müharibəsi mövzusundan bir növ siyasi şantaj vasitəsi kimi istifadə edirlər”.
A. Quliyevin fikrincə, Rusiyanın yaxın 5–10 il ərzində Avropaya hücum planlarının olması məntiqi baxımdan real deyil və mümkün görünmür:
“Çünki Rusiya Ukraynada xeyli zəifləyib və onun əsas məqsədi Ukrayna müharibəsini öz şərtlərinə uyğun yekunlaşdırmaq, işğal etdiyi ərazilərin ilhaqını rəsmiləşdirməkdir. Bundan sonra isə Moskvanın diqqətinin dünyanın digər bölgələrində itirdiyi mövqeləri bərpa etməyə yönələcəyi gözlənilir.
Məsələn, Rusiya Suriyada mövqelərini itirib, Latın Amerikasında təsir dairəsi zəifləyib, Yaxın Şərqdə, xüsusilə də Fələstin məsələsində təsiri azalıb. Şərqi Asiyada, o cümlədən Vyetnam və digər bölgələrdə də Rusiyanın nüfuzu əvvəlki kimi deyil.
Buna görə də Rusiyanın hazırkı məqsədi Avropaya hücum deyil, qlobal miqyasda zəifləmiş təsir dairələrini bərpa etməkdir. Moskva NATO ilə açıq müharibənin hansı nəticələr verə biləcəyini yaxşı hesablayır və belə riskə getmək niyyətində deyil”.
Nəsimi Ələsgərli












