Ukraynanın prezidenti Pyotr Poroşenko Xarici İşlər Nazirliyinə Ukrayna və Rusiya arasında 1997-ci ildə imzalanmış “Dostluq, Tərəfdaşlıq və Əməkdaşlıq haqqında” sazişin ləğv edilməsi prosedurunun başlaması üçün yaxın müddətdə sənədlər paketinin hazırlanmasına dair göstərişlər verib.
Yenicag.az xəbər verir ki, Poroşenko çərşənbə axşamı Ukraynanın diplomatik korpusunun üzvləri ilə keçirilən konfransda bu fikirləri səsləndirib.
“Kifayət qədər hazırlıqdan sonra uzun müddətdir faydalı olmayan Ukrayna ilə Rusiya Federasiyası arasında “Dostluq, Tərəfdaşlıq və Əməkdaşlıq haqqında” müqaviləni ləğv etmək üçün həlledici addım atdıq. İndi prosesi başa çatdırmaq üçün Xarici İşlər Nazirliyindən zəruri sənədlər paketi hazırlanmasını gözləyirik” – deyə Poroşenko bildirib.
Qeyd edək ki, Ukrayna və Rusiya arasında “Dostluq, Tərəfdaşlıq və Əməkdaşlıq haqqında” saziş 1997-ci ilin may ayında imzalanıb və 1999-cu ilin aprelində on il müddətinə qüvvəyə minib. Tərəflərin etirazları olmadığı təqdirdə on il müddətində avtomatik uzadılması barədə müddəa da əlavə edilib.
Müqavilə strateji tərəfdaşlıq prinsipini nəzərdə tutur və mövcud sərhədlərin toxunulmazlığını, ərazi bütövlüyünə hörmət və iki ölkənin bir-birinin təhlükəsizliyinə zəmanət verərək bir-birinin ərazilərindən qanunsuz və zor gücünə istifadə etməkdən imtina kimi vacib məsələləri nəzərdə tuturdu.