Ukraynanın “9 May hədiyyəsi” – “Rusiyaya atəş açmasının mümkünlüyü mövcuddur”
“Ukraynanın 9 may tarixində Rusiyaya atəş açmasının mümkünlüyü mövcuddur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O, 9 May – Qələbə Günü Moskvada keçiriləcək parada Ukraynanın imkan verməyəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Politoloq bildirib ki, bu gün Rusiya-Ukrayna müharibəsi davam etdikcə, savaşla bağlı real olan və olmayan informasiyalar dövriyyədədir:
“Rusiya-Ukrayna müharibəsinin bitməsi və atəşkəsin əldə edilməsi ilə bağlı beynəlxalq güclərin çarpışması mövcuddur. Məsələn, ABŞ sülh müqaviləsinin əldə edilməsi üçün təzyiqlərini gücləndirir, İngiltərə və Avropa İttifaqı isə bu məsələdə daha fərqli mövqe ortaya qoyur”.
Həmsöhbətimiz əmindir ki, Ukraynanın 9 may tarixində Rusiyaya atəş açmasının mümkünlüyü mövcuddur:
“Lakin bu müharibədə hansısa ciddi irəliləyişləri sənədlərdə görməliyik. Silahlar faktiki olaraq yerə qoyulmalıdır. Həmçinin bu müharibənin davam etdiyi dövrdə ümumilikdə ölən və yaralılarla birlikdə 200 mindən çox itki mövcudluğu nəzərə alınmalıdır. Təkcə 2024-cü ilin sentyabrında aparılan araşdırmaların nəticəsində Ukrayna tərəfində 800 min yaralı olduğu göstərilmişdi”.
“Belə dərin humanitar böhran və fəlakətlərlə xarakterizə edilən müharibədə hər iki tərəf müxtəlif çaplı atəşlər həyata keçirə bilirdilər. 9 may Moskvada keçiriləcək parada müxtəlif ölkələrdən önəmli siyasi simaların da qatılacağını nəzərə aldıqda, Ukraynanın belə addım atmamaq ehtimalının yüksək olduğu düşünülür”, – deyə o bildirib.
Nəsimi Ələsgərli