“Artıq iki gündür ki, Rusiyanın Kursk vilayətində intensiv döyüşlər gedir”.
Bu sözləri Yenicag.az-a açqılamasında Ukrayna Silahlı Qüvvələrinin sürpriz Kursk hücumu barəsində fikirlərini söyləyərkən politoloq Sultan Zahidov deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri sərhəddən təxminən minə yaxın döyüşçünü Kursk vilayətinin ərazisinə göndərib ki, sözügedən döyüşlər, eyni zamanda, hərbi texnika və tankların dəstəyi ilə davam etdirilir.
“Nəticədə isə onlarla kilometr ərazisi, habelə 11 yaşayış məskəni və Sudja qəsəbəsindəki qazölçən stansiya ukraynalıların əlinə keçib”, – deyə o, bildirib.
Hücumun 2 məqsədi olduğunu düşünən S. Zahidova görə, bunlar həm hərbi, həm də siyasi məqsədləri özündə ehtiva edir:
“Hərbi məqsəd ondan ibarət ola bilər ki, Ukrayna ordusu Rusiyanın diqqətini Donbasdan ayıraraq, şimal-şərq istiqamətinə yönləndirmək və beləliklə də, Donbasda yaranan müəyyən boşluqlardan istifadə edərək, əks-hücum həyata keçirsinlər”.
“Siyasi səbəbə gəldikdə isə Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak bununla bağlı dedi ki, sözügedən hücumun əsas məqsədi Rusiya ilə gələcək danışıqlarda üstün mövqe qazanmaqdan ibarətdir. İkincisi də ki, Ukrayna Rusiya xalqının Putinə qarşı ayağa qalxmasına vəsilə olmaq istəyirlər. Yəni adıçəkilən səbəblər hücumun əsas qayəsini təşkil edir.
Sözsüz ki, min nəfərlə Rusiyada ciddi irəliləyiş əldə etmək, ərazi tutmaq mümkün deyil. Lakin Ukrayna ordusu taktiki olaraq, bəhs edilən məqsədlərə bununla çata bilər”, – siyasi şərhçi fikirlərini tamamlayıb.
Rafi Müslümov
www.yenicag.az