Vaqif Səmədoğlu da fani dünyaya “əlvida” dedi
Azərbaycanın görkəmli şairi Vaqif Səmədoğlu vəfat edib.
Bu məlumatı öz facebook səhifəsində Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Qərənfil Mansurova paylaşıb.
Qeyd edək ki, V.Səmədoğlu uzun müddət idi ağır xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, ağciyər xərçənginə tutulmuşdu. Dəfələrlə İsrailə müalicəyə getmişdi.
Vaqif Səmədoğlu 1939-cu il, iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdu. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.
Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib.
Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib.
Şair, dramaturq, publisist Vəkilov Vaqif Səməd oğlu 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005), “Nəsimi” mükafatı laureatı (2014) olub(virtualaz.org).
Allah rəhmət eləsin!