Elnarə Akimova: "Azərbaycan regional siyasətin obyektindən onun əsas müəlliflərindən birinə çevrilib"

media-hightechnic-468x90

“Bakı həm Şərqlə, həm Qərblə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurur, heç bir siyasi blokun qarşıdurma meydanına çevrilmir və müstəqil qərarvermə hüququnu qətiyyətlə qoruyur.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.

Deputat Azərbaycan və Almaniya liderlərinin iyulun 21-də keçirilən görüşünü şərh edib:

“Prezident İlham Əliyevin iyulun 21-də Almaniyaya rəsmi səfəri və Almaniya Prezidenti ilə keçirdiyi görüş təkcə iki ölkə arasında diplomatik münasibətlərin növbəti mərhələsi deyil, həm də dəyişən beynəlxalq nizam fonunda Azərbaycanın artan geosiyasi çəkisinin və etibarlı tərəfdaş statusunun növbəti təsdiqidir. Bu görüş göstərir ki, Azərbaycan artıq regionun gündəmini izləyən deyil, onu formalaşdıran dövlətlərdən biridir. Bu gün Cənubi Qafqazda sülh, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və iqtisadi əməkdaşlıqdan danışarkən Azərbaycanın iştirakı olmadan hər hansı davamlı model təsəvvür etmək mümkün deyil.

Almaniya Avropanın ən böyük iqtisadi gücü, Avropa İttifaqının aparıcı siyasi aktorlarından biridir. Belə bir dövlətlə ən yüksek səviyyədə aparılan dialoq Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin daha da artdığını nümayiş etdirir. Xüsusilə enerji təhlükəsizliyi ilə bağlı son illərdə yaranmış yeni reallıqlar fonunda Azərbaycan etibarlı tərəfdaş kimi öz nüfuzunu möhkəmləndirib. Bu gün Avropanın enerji xəritəsində Azərbaycanın xüsusi yeri var və Almaniya ilə münasibətlər də məhz qarşılıqlı etimada və uzunmüddətli strateji maraqlara söykənir.

Bu səfər həm də Cənubi Qafqazın gələcəyi ilə bağlı mühüm siyasi mesajlar verir. Azərbaycan müharibədən sonrakı dövrdə regionda sülhün, sabitliyin və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarı kimi çıxış edir. Almaniya kimi nüfuzlu Avropa dövləti ilə aparılan siyasi dialoq göstərir ki, beynəlxalq ictimaiyyət regionun gələcəyini Azərbaycanın irəli sürdüyü yeni əməkdaşlıq və inkişaf gündəliyi üzərində görməyə başlayır. Bu isə ölkəmizin diplomatik imkanlarının və siyasi nüfuzunun genişlənməsinin göstəricisidir.”

E. Akimova qeyd edib ki, bu görüş həm də Azərbaycanın regiondakı əhəmiyyətli yerinin möhkəmlənməsində xüsusi rol oynayır:

“Görüşün digər mühüm mesajı ondan ibarətdir ki, Azərbaycan xarici siyasətində balanslı və milli maraqlara söykənən xəttini ardıcıl şəkildə davam etdirir. Bakı həm Şərqlə, həm Qərblə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurur, heç bir siyasi blokun qarşıdurma meydanına çevrilmir və müstəqil qərarvermə hüququnu qətiyyətlə qoruyur. Məhz bu prinsipial mövqe Azərbaycanın beynəlxalq nüfuzunu artırır və onu etibarlı tərəfdaş kimi fərqləndirir.

Bu səfər eyni zamanda iqtisadi əməkdaşlığın yeni istiqamətlərini də ön plana çıxarır. Enerji sahəsi ilə yanaşı, sənaye, yüksək texnologiyalar, yaşıl enerji, rəqəmsal transformasiya, logistika və investisiya layihələri üzrə əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaranır. Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı islahatlar və əlverişli investisiya mühiti Almaniya biznesi üçün də cəlbedici perspektivlər açır.

Ən başlıcası isə bu görüş bir daha sübut edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan artıq regional siyasətin obyektindən onun əsas müəlliflərindən birinə çevrilib. Ölkəmizin sözü eşidilir, mövqeyi nəzərə alınır, təşəbbüsləri beynəlxalq səviyyədə diqqətlə izlənilir. Almaniyaya rəsmi səfər də məhz bu reallığın növbəti ifadəsidir. Bu səfər Azərbaycanın artan beynəlxalq nüfuzunun, güclənən diplomatik mövqeyinin və milli maraqlara söykənən müstəqil dövlət siyasətinin növbəti parlaq nümayişi kimi tarixə düşür.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05