Vaşinqton anlaşmasının 5-ci BƏNDİ – Ermənistanın boyun qaçırdığı DETALLAR

media-hightechnic-468x90

“Ermənistanın konstitusiyanı dəyişdirməkdən başqa yolu qalmayıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.

media-eli_zulfuqaroglu

Ekspert Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın konstitusiyanın dəyişdirilməsi ilə bağlı Vaşinqtonda keçirilən görüşdə İrəvanın heç bir öhdəlik götürməməsi barədə açıqlamasını şərh edib.

Mütəxəssis bildirib ki, Vaşinqtonda imzalanan üçtərəfli bəyannamənin 5-ci bəndində dolayısıyla Ermənistanın konstitusiya dəyişikliklərinə getməsi təsbit olunub:

“Həmin bənddə bildirilir ki, tərəflər bundan sonra qisasçılıqdan imtina edir və bir-birinin ərazi bütövlüyünü tanıyırlar. Bu isə o deməkdir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı iddiaları aradan qaldırılmalıdır. Ona görə də hesab edirəm ki, Azərbaycanın tələb etdiyi şərtlərdən biri olan Ermənistan konstitusiyasının dəyişilməsi mütləq həyata keçməlidir və Nikol Paşinyan bunu dəfələrlə bəyan edib. Bu baxımdan, hesab edirəm ki, Mirzoyanın açıqlaması həqiqəti özündə əks etdirmir”.

Ə. Zülfüqaroğlu qeyd edib ki, Ermənistanda bəzi revanşist qüvvələr Vaşinqton razılaşmasına mane olmağa çalışsa da, İrəvan bu razılaşmadakı öhdəliklərini  yerinə yetirməyə məcburdur:

“Eyni zamanda Ermənistan daxilində ziddiyyətli fikirlər var. Xüsusilə də revanşistlər əks-təbliğat aparmaqla məşğuldurlar. Dolayısıyla, Paşinyanı məğlubiyyətdə və Ermənistanın maraqlarını satmaqda ittiham edirlər. Bu baxımdan, Ermənistan konstitusiyasının dəyişilməsi məsələsində revanşistlər bu formada məsələni təqdim edə bilərlər. Ehtimal ondan ibarətdir ki, Mirzoyan onları nəzərə alaraq belə bir açıqlama verib”.

“Digər tərəfdən, Ermənistan Azərbaycanın konstitusiyasının dəyişilməsi ilə bağlı şərtlərini mütləq yerinə yetirməlidir, bunun alternativi yoxdur. ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Ermənistan müxtəlif manipulyasiyalar etsələr də, sonda Azərbaycanın bu tələblərinin yerinə yetiriləcəyi ilə bağlı razılaşma oldu. Azərbaycan bütün parametrlərə görə üstün tərəfdir. Eləcə də artıq Ermənistan hökuməti də başa düşür ki, geosiyasi şərtlər, o cümlədən Azərbaycanın yürütdüyü diplomatik fəaliyyət kifayət qədər effekt verib və Ermənistanın bu tələbləri qəbul etməkdən başqa heç bir yolu qalmayıb. Hesab edirəm ki, Ermənistan konstitusiyasının dəyişilməsi də mütləq həyata keçiriləcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa