Vaşinqton və Pekin danışıqlara GEDİR – Hədəf qlobal ATƏŞKƏSDİR
“İki dövlət liderləri arasında planlanan görüşün əsas məqsədi müxtəlif cəbhələrdə heç olmasa müvəqqəti olaraq atəşkəsin elan olunmasıdır”.
Bunu Yenicag.az-a açıqlamasında Vəli Əlibəyov deyib.
O, ABŞ və Çin liderləri arasında planlanan görüşün mümkün nəticələrini şərh edib.
Politoloq bildirib ki, iki nəhəng dövlət arasında müzakirələrin aparılması dünyada hökm sürən mövcud vəziyyətə baxdıqda müsbət hal kimi qiymətləndirilməlidir.
“Hazırda dünyada gedən prosesləri demək olar ki, bu iki dövlət, yəni ABŞ və Çin nizamlamağa çalışır. Yaxın günlərdə Pekindən Çinin Rusiya-Ukrayna müharibəsində Kremlin məğlub olmasına imkan verməyəcəyi ilə bağlı bəyanat səsləndirilmişdi. Çünki belə olduğu halda ABŞ bütün diqqətini Çinə yönəldəcək. Eyni zamanda ABŞ də çalışır ki, Ukraynadakı müharibəni tez zamanda başa çatdırsın. Çünki o da sonrakı mərhələdə diqqətini Çinə yönəltmək niyyətindədir”.
“Hazırda ABŞ və Çin arasında dünyada hegemonluq uğrunda mübarizə gedir. Dünya elə bir mərhələyə çatıb ki, hər iki iqtisadi və ideoloji münaqişənin dünya üçün yaxşı şeylər vəd etmədiyini anlayır. İki dövlət liderləri arasında planlanan görüşün əsas məqsədi müxtəlif cəbhələrdə, heç olmasa, müvəqqəti olaraq atəşkəsin elan olunmasıdır. Həmçinin dünyada insanlıq üçün ciddi təhlükə yarada biləcək proseslərin həllində ortaq mövqenin nümayiş etdirilməsidir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli