Vaşinqtonla Tehran arasında “taktiki səssizlik” – “İranın bombalanması ehtimalı...”
“Danışıqların hazırkı dövründə İranın bombalanması real görünmür”.
Bu fikirləri Yenicag.az-la söhbətində Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, iranşünas Sədrəddin Soltan bildirib.
Ekspert Oman danışıqlarının ikinci turu öncəsi tərəflərin hər hansı hərbi müdaxiləyə əl atacağının mümkün olmadığını hesab edir:
“İranla ABŞ arasında görüşlərin davam edəcəyini düşünürəm. Bu müddət ərzində İranın bombalanması ehtimalı çox azdır. Bu yalnız bir halda mümkündür ki, İran İsrailə qarşı hər hansı hərbi əməliyyatlarda iştirak etsin. Belə olan halda İsrail də İrana eyni formada cavab verə bilər. Oman danışıqlarının ilk turunda tərəflər qane olduqlarını bildirdilər. Açıqlamalara görə İranla ABŞ nümayəndələri arasında mesajlaşma olub. Danışıqlarda əsas məsələ İranın nüvə proqramı və sanksiyaların qaldırılması idi. İran tərəfi israrla bildirib ki, İranın nüvə proqramı müzakirə mövzusu deyil və İran bu proqramdan əl çəkməyəcək, qarşı tərəf isə bunun hərbi mahiyyətli olmamasını istəyir. İkinci turda, hesab edirəm ki, danışıqlarla bağlı məsələlər bir qədər də dərinləşəcək”.
S. Soltan İran tərəfinin ABŞ-yə təklif etdiyi razılaşma paketini açıqlayaraq qeyd edib ki, İran tərəfi ABŞ-a üçmərhələli razılaşma təklif edib:
“İran tərəfi ABŞ-a məsələnin üçmərhələli həllini təklif edir. Birinci mərhələdə İran 3.67%-ə qədər müvəqqəti olaraq uranın zənginləşdirməsini dayandırır, bunun qarşılığında Vaşinqton İranın dondurulmuş maliyyə vəsaitlərini sərbəstləşdirir və həmçinin neftinin ixracına icazə verir. İkinci mərhələ BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyalar aradan qaldırılır. Bunun qarşılığında İran atom enerji agentliyinin İranın nüvə obyektlərini təftiş etməsini bərpa edir və bununla bağlı əlavə protokolu icra edir. Üçüncü mərhələdə isə ABŞ Konqresi 2015-ci il iyulun 14-də “Böyük Altılıq” və İran nümayəndələri arasında qəbul edilmiş əhatəli fəaliyyət üzrə razılaşma müqaviləsini təsdiqləyir. ABŞ sanksiyaları aradan qaldırır, İran isə zənginləşdirdiyi uranı üçüncü ölkələrə ötürülməsinə razılıq verir”.
Ekspert sonda hazırkı mərhələdə hər hansı hərbi müdaxilənin mümkün olmadığını diqqətə çatdırıb:
“Tərəflər arasında müzakirələrin aparıldığı bir şəraitdə İranın nüvə reaktoruna zərbələrin endirilməsi real görünmür”.