Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq xartiyası iqtisadi və enerji əlaqələrinin gücləndirilməsi, kommunikasiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik institutların gücləndirilməsi, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq və digər sahələri özündə əks etdirir.
Bayden administrasiyasının gedən ayaq bu cür addım atması və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın da yeni ABŞ administrasiyası ilə də əməkdaşlıq edəcəklərini bəyan etməsi onu deməyə əsas verir ki, ABŞ Cənubi Qafqazla bağlı siyasətini Ermənistan üzərindən davam etdirəcək. Ermənistanla Azərbaycan arasında sülh danışıqları məsələsində də ABŞ-nin vasitəçiliyini rəsmi İrəvan ön plana çəkir. Azərbaycan tərəfi hər dəfə vasitəçisiz danışıqları önə sürsə də, Ermənistan mütləq şəkildə çalışır və regiona yeni oyunçu cəlb etmək niyyətindən əl çəkmir. Bunun belə olacağı da gözlənilən idi.
Yeri gəlmişkən, Azərbaycan tərəfi Ermənistana konstitusiyanın dəyişdirilməsi yönündə basqılar edirdi. Ermənistanın ədliyyə naziri isə konstitusiya dəyişiklikliyinə gedəcəklərini, ancaq Azərbaycan və Türkiyəyə torpaq iddialarının çıxarılmayacağını açıq şəkildə dilə gətirdi.
Rusiya bu məsələdə hələ ki izləyici mövqeyindədir. Rusiya birbaşa özü yox, Ermənistanı Azərbaycanın əli ilə cəzalandırmağın planlarını quracaq. Azərbaycan tərəfi Ermənistanın silahlanması və regionda təhdidə çevrilməsini həzm etmir, ancaq bunun üçün hansı addımı atacaq, hələ ki bu, müəmmadır.
Prosesə real baxsaq, ABŞ-nin yeni administrasiyası da Ermənistanla əməkdaşlığı davam etdirmiş olsa, Ermənistanın bu regionun İsraili olacağı ehtimalı artmış olur. İsrail də asan coğrafiyada yaranmayıb. Misir və Suriya kimi ölkələrin qonşuluğunda və ümumilikdə, ərəb ölkələrinin ortasında yaradıldı və demək olar ki, ərəb ölkələrinin hamısını başıqapazlı etdi. İsrail ərəblərin, Ermənistan isə həm Cənubi Qafqazda – İranla, Türkiyə ilə sərhəddə yerləşir, həm də bir qədər coğrafiyanı genişləndirsək, Türk Dövlətlər Təşkilatının mərkəzindədir. Ermənistan prosesləri elə bir həddə gətirmək istəyir ki, ona söz deyən ABŞ-yə söz demiş olsun.
Ermənistanda hazırda Rusiya hərbi bazaları olsa da, rəsmi İrəvan çalışacaq ki, bu bazaları öz ölkəsinin ərazisindən çıxarsın. Rusiyanın buna gedəcəyi o qədər də inandırıcı deyil. Hazırkı Ermənistan təkcə Azərbaycan üçün yox, eləcə də bütün region ölkələri üçün təhdid yaratmaqdadır. Bu gün İranla münasibətləri normal görünsə də, sabah Ermənistanın İranla da münasibətlərinin pisləşəcəyi ehtimalı yüksəkdir. Ermənistan təkcə Azərbaycan və Türkiyəyə torpaq iddiasında deyil, Gürcüstandan da müəyyən qədər əraziləri qəsb edib.
Hazırda Ermənistan tərəfi Azərbaycanla sərhəddə fortifikasiya qurğuları quraşdırmaqdadır. Görünən odur ki, siyasi gərginlik artan xətlə davam edəcək. Azərbaycan tərəfinin şərtləri məlumdur. Türkiyə tərəfi də kommunikasiyaların açılması üçün addımlar atır. Yəni yolların açılması üçün milyonlarla xərc çəkilir və işlər görülür. Ermənistan tərəfi istəsə də, istəməsə də o yol açılacaq.
Hazırkı proseslər onu göstərir ki, siyasi gərginlik hərbi gərginliklə əvəz oluna bilər. Ermənistan da bunun fərqindədir. Ona görə də maksimum çalışır ki, prosesi uzatsın və özünə ciddi tərəfdaşlar toplasın. Region ölkələri Ermənistanın gələcək üçün necə təhlükə törədəciyinin fərqində olsalar, hesab edirəm ki, Ermənistan kimi ölkənin varlığını sorğulayacaqlar. Çünki Ermənistanın varlığı bu region üçün daim problem yaradacaq. Hər şey dəyişə bilər, ancaq bir millətin xisləti əsla dəyişə bilməz və dəyişmir də. Ermənistan qonşuluğundakı istənilən ölkənin zəif anını yaxalasa, bağışlamayacaq.
Hesab edirəm ki, Ermənistanla bağlı məsələdə əsas güc Azərbaycanın üzərinə düşəcək. Çünki digər ölkələrin başı daha böyük problemlərə qarışıb. Müharibənin, hərbi toqquşmanın olması arzuolunan deyil. Bunun iqtisadi, siyasi cəzaları olacaq. Ancaq Ermənistanın varlığı daim təhdid yaradacaq.
www.yenicag.az