Vaşinqtonun Yaxın Şərq strategiyası DƏYİŞİR – İran məsələsi MASADADIR
“ABŞ İranla bağlı məsələni masa arxasında həll etmək istəyir”.
Bu sözləri ABŞ ilə İran toqquşması və bunda Türkiyənin necə davranacağını Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, Türkiyə NATO-nun qərarlarından asılı olacaq:
“İran ABŞ danışıqlarında rəsmi Vaşinqton təhdid dilini işə saldı. Təhdid dili indiki ABŞ administrasiyasının bir modelidir. ABŞ əvvəl təhdid edir, sonra razılaşmaya gedir. Bu təhdidlər ABŞ-nin Yaxın Şərqdəki müttəfiqi İsraillə bağlı da oldu. İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri planlaşdırılmamış səfər idi. Əslində, o, Budapeştə səfər edib, İsrailə qayıdıb sonra ABŞ-yə səfər etməli idi. Ancaq Netanyahunu Budapeştdən təcili ABŞ-yə çağırdılar. Hətta Donald Trampla Netanyahunun görüşündən sonra CİA-in rəhbəri Con Ratkliff İsrail Baş nazirinə xəbərdarlıq etmişdi ki, İranla bağlı danışıqlardan kənara çıxmasın, heç bir hücum həyata keçirilməsin. Donald Trampın görüş zamanı Netanyahunun masasını tutması o demək idi ki, “yerini bil”. Bu, o deməkdir ki, İsrail özbaşına İrana hücum edə bilməz. ABŞ İranla bağlı məsələni masa arxasında həll etmək istəyir. İran Donald Trampın xüsusi nümayəndəsini İrana dəvət edib”.
Analitik diqqətə çatdırıb ki, Türkiyə NATO-nun üzvüdür və Türkiyə NATO-nun verdiyi qərarları icra edəcək:
“Türkiyə İranda sabitliyin olmasının tərəfdarıdır. Çünki Türkiyə dəfələrlə İranı müdafiə edib. Hazırda İranla ABŞ arasında müharibə ehtimalı sıfıra bərabərdir. Trampın isə Səudiyyə Ərəbistanına səfəri var. Ona qədər İranla razılaşma olmalıdır. Neftlə əlaqədar konkret məsələlər də var ki, bunların da həll olması gözləniləndir. Ona görə ki, Çin İran neftinin ən böyük alıcısıdır və bu proseslərə Çinin də böyük təsiri var. Çin heç vaxt istəməz ki, müharibə olsun. Odur ki, bu qüvvələr qoymayacaq ki, İrana hücum olsun. Razılaşma olacaq və dünya bazarında neftin qiyməti aşağı düşəcək”.
Səxavət Məmməd